Bir neçə gün əvvəl İrəvanda Dolma Festivalı keçirilib. Bu festivalla bağlı Rusiyanın Birinci kanalında süjet yayımlanıb.
Bir neçə gün əvvəl İrəvanda Dolma Festivalı keçirilib. Bu festivalla bağlı Rusiyanın Birinci kanalında süjet yayımlanıb.
Ötən il Bakıda da Beynəlxalq Dolma Festivalı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə baş tutan festivalda 300-dən çox dolma növü nümayiş olundu. Beynəlxalq festivala türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar qatılmışdı.
Azərbaycanda dolma, nar, plov və bu kimi festivallar zaman-zaman keçirilir. Amma bu barədə nə Rusiyanın ORT-sində, nə də digər Avropa ölkələrinin telekanallarında hər hansı süjet görürük. Dünya bizə biganədir, yoxsa biz işi düzgün qurmuruq?
Sualımıza cavab almaq üçün ilk olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bizi Azərbaycan Milli Kulinariya Mərkəzinə yənləndirdilər. Ötən il Beynəlxalq Dolam Festivalının təşkilatçısı kimi mərkəzin cavab verə biləcəyini bildirdilər. Mərkəzin münasibətinin nazirliyin mövqeyini əks etdirəcəyini dedilər.
Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov Publika.az-a açıqlamasında Azərbaycanda keçirilən bu cür festivalların dünya telekanallarında yayımlanmamasının səbəbinin maliyyə ilə bağlı olduğunu (məgər Ermənistanın maliyyə imkanları bizdən genişdir?) dedi: “Ötən il biz Beynəlxalq Dolma Festivalı keçirdik. Bu il ermənilərin festivalda göstərdikləri dolma kababını biz 2-3 il əvvəl aşkar edib və ötən il bişirmişik. Həmin kababı 1521-ci il Şah İsmayıl Xətainin aşpazı Babəkinin kitabından aşkarladıq. Bu il isə ermənilər onu 200 il yaşı olan kabab kimi təqdim etdilər. Bunların qarşısını almaq üçün biz də bu cür tədbirləri keçirməkdə davam edirik. Bu il iyulun 15-də Xaçmazda İkinci dolma festivalı keçirəcəyik. Lakin bu tədbirlərin Rusiya, Türkiyə və digər Avropa ölkələrinin telekanallarında yayımlanması üçün maliyyə lazımdır. Hər telekanal üçün təxminən 15-20 min manata ehtiyac var. Bunu təşkil etmək isə bizim təşkilatın maliyyə imkanları xaricindədir. Bunun üçün biznesmenlərin dəstəyinə ehtiyac var. Bu barədə onlara müraciət etmişik, təəssüf ki, müsbət cavab verilməyib. Öz imkanlarım daxilində Rusiyanın bir neçə telekanalında bu cür süjetlərin yayımına çalışmışam. Lakin şəxsi əlaqələr, tanışlıqla telekanalda efir vaxtı almaq çox çətindir. Bu, telekanalın marağında deyil. Onların maraq dairəsinə düşmək üçün tələb edilən vəsaiti ödəmək lazımdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə dəfə telekanallara müraciət olunaraq, belə festivalların yayımı təşkil edilib. Ancaq bunun üçün biznesmenlərin dəstəyinə ehtiyacımız var. Buradan biznesmenlərə səslənirik, növbəti dolma festivalının dünya telekanallarında yayımı üçün dəstək olsunlar. Dəstək olduqları halda, mətbuata xüsusi açıqlama verəcəyik”.