İran prezident Məsud Pezeşkian paytaxtı Tehrandan köçürmək istəyir. Bu təklif vaxtaşırı Bakı ilə bağlı da səslənir. Şəhərin sıxlığı, tıxaclar, artan əhali sayı Bakını yaşanmaz hala gətirib. İqtisadçı-ekspert Natiq Cəfərli Tribunainfo.az-a bildirib ki, İranda paytaxtın Tehrandan köçürülməsi diskussiyasının səbəbi resurs çatışmazlığıdır. İqtisadçı deyib ki, şəhər həddindən artıq böyüyüb, su resursları çatışmır: “Şəhərin əhalisinin sıxlığı yaranıb. Ona görə də belə bir addım atmağa çalışırlar. Ümumiyyətlə paytaxtın köçürülməsi çox bahalı layihədir. Söhbət 10 milyardlarla dollardan gedəcək. İranın buna gücü çatacaqmı? Açığı bilmirəm. Düşünmürəm ki, bu asanlıqla baş versin”.
Azərbaycana gəldikdə isə N.Cəfərli hesab edir ki, bizim problemimiz başqadır: “Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var. Allaha min şükür, torpaqlarımızı da işğaldan azad edib suverenliyimizi bərpa etmişik. İndi işğaldan azad edilmiş bölgələrdə yüz minlərlə insanların köçürülməsi və yaşaması potensialı var.
İşğaldan azad edilən torpaqlara bir milyon, hətta iki milyon insan köçürə bilərik. Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə milyonluq şəhərə çevrilməsin, yaxud da Mingəçevir…?
Bunun üçün Bakının yükü azaldılmalıdır. Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də inzibati qərarlarla da Bakının boşaldılması qərarı verilə bilər: universitetlərin Bakıdan köçürülməsi, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi…”
Ekspertin fikrincə, Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi – bu tipli qurumların Bakıda olmasının nə mənası var?! “Bax, bu yollarla ölkənin paytaxtının yükünün azaldılması mümkündür. Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli deyil. Ona görə də düşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir”,_ deyə iqtisadçı vurğulayıb.
Dəniz