“Biz bu gün Xankəndidəyik” deyən Mixail Qusman işdən çıxarıldı

“Biz bu gün Xankəndidəyik” deyən Mixail Qusman işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusman vəzifəsindən azad edilib.

Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

M.Qusman 1950-ci ildə Bakıda anadan olub.

O, 1999-cu ilin oktyabrında TASS İnformasiya Agentliyi (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) baş direktorunun birinci müavini təyin edilmişdi.

Xatırladaq ki, M.Qusman iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna qatılıb.

O, sual vermək növbəsi çatanda Azərbaycan liderinə xitabən deyib:

“Hörmətli İlham Heydər oğlu, hər vaxtınız xeyir. Sizi salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik. Forum Şuşa adlansa da, mən qırx il əvvəl sonuncu dəfə bu şəhərdə olmuşam. Yəqin ki, həmkarlarım, həmyerlilərim vəziyyətimi başa düşərlər.

Bilirsiniz, axırıncı Forumda Siz dəqiq müəyyən etdiniz, çünki mən Miluokidən təzəcə qayıtmışdım. Siz yanvarın 20-də Ağ evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu. Siz hətta Azərbaycanın ABŞ-la, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz. Bu barədə Prezident Trampın ölkənin Müstəqillik Günü münasibətilə təbriki əsasında da fikir yürütmək olardı.

Sualım bir az genişdir. Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm. Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır.

Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir. Bununla bağlı sadə bir sualım var. Başa düşürəm ki, Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.

Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun”.

Bundan sonra rusiyalı hərbi blogerlər M.Qusmanı Qarabağa səfərinə, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən media forumuna qatılmasına, eləcə də Azərbaycan lideri haqqında tərifli və müsbət fikirlərinə görə kəskin tənqid ediblər.