Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniyanın birinci xanımı Maya İvanova ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniyanın birinci xanımı Maya İvanova ilə görüşüb.
Birinci xanım Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd etdi.
Makedoniyanın Birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi, onun gördüyü işləri yüksək qiymətləndirdi, gələcək fəaliyyətində uğurlar arzuladı.
Makedoniyada uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd etdi, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı. Birinci xanım Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət etdi.
Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirdi.
Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olundu.
***
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.
Qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırladı. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğuladı. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət etdi.
Dəvətə görə təşəkkürünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirdi. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırladı, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd etdi və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğuladı.
***
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd etdi, Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini dedi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Mehriban Əliyeva bu mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolunu vurğuladı və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğunu söylədi.
Vayra Vike-Freyberqa həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha geniş platformada təbliğində, təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzvlərinin sayının artırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Qlobal
Bakı Forumunun proqramları ildən-ilə daha da genişlənir və bu, Azərbaycanın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklərini çatdırdı.