“Birinci sinfə gedən uşaq niyə sınaq imtahanından keçməlidir?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa birinci sinfə gedən uşaqlarla bağlı valideynlərə çağırış edib.
 
 Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz facebook səhifəsində birinci sinfə gedən uşaqlarla bağlı valideynlərə çağırış edib.

TİA.AZ xəbər verir ki, çağırışda deputat valideynləri Konstitusiyada göstərilən məqamlardan yararlanmağa və övladlarını birinci sinfə qəbul etmək istəməyən şəxslərlə bağlı məhkəməyə müraciət etməyə səsləyib: “Artıq neçə gündür, ayrı-ayrı insanlardan üzərimə xahişlər yağır. Bəlkə də, son 20 gündə 20-yə yaxın tanışdan, dostdan, tanımadığım vətəndaşlardan müraciət alıram ki, bəs uşağı birinci sinifə qəbul etmirlər, bəhanə də budur ki, məktəbdə boş yer yoxdur. Yaxud da öncədən qeydiyyatdan keçməyib. Hələ lisey adlanan məktəblərdə 1-ci sinif uşaqları üçün guya sınaq imtahanı keçirilib, guya lazımi balı toplamadıqlarına görə məktəbə qəbul etmələri mümkün deyil.

Anlayıram ki, məktəblərdə yerlə bağlı problem var, müəllimələrin sinifə götürəcəyi şagird sayı üçün də limit var, yəni obyektiv çətinliklər mövcuddur və bunu, sadəcə, həmin məktəblərin müdirlərinin üzərinə ittiham olaraq yönəltmək istəməzdim. İnsanlara kömək etmək də imkanım xaricindədir, çünki bütün günü götürüb məktəblərə məktub yazmalıyam ki, bəs filan uşağı məktəbə götürmək sizin borcunuzdur, xahiş edirəm, borcunuzu yerinə yetirin. Ancaq bütün bunların həm də bir biabırçılıq tərəfi mövcuddur.

Birinci sinfə gedən uşaq, ümumiyyətlə, niyə sınaq imtahanından və ya müsabiqəsindən keçməlidir? Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi var. Yazılır ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir! Buyurun, uşaq evinə yaxın məktəbdə oxumaq istəyir, valideyn niyə dağa-daşa düşməlidir uşağını məktəbə qoymaq üçün? Əslində, biz dövlət olaraq cəhalətdən, kriminaldan qurtulmaq üçün vətəndaşa yalvarıb övladını məktəbə cəlb etmək əvəzinə, vətəndaş yalvarır ki, mənim uşağımı məktəbə götürün! Valideynlərin tək çıxış yolu var: Evinizə yaxın köşkdən Azərbaycan Respublikasının Konstitusiyası yazılmış kitabçanı alıb, onun 42-ci maddəsinin altından xətt çəkin və “Sizin uşağı məktəbə götürə bilmərik” deyilən kimi, istənilən vəzifəli şəxsi bu maddəni oxumağa məcbur edin!

Yenə də bir nəticə ortaya çıxmasa, dərhal məhkəməyə müraciət edin. Narahat olmayın, məhkəmə mütləq xeyrinizə qərar çıxaracaq, çünki əks halda Konstitusiya pozulmuş olacaq. Neçə illərdir bizdə dərslər sentyabrın 15-i başladığına görə, gündəmdən sentyabrın 1-də qeyd etməyə alışdığımız Bilik günü və ya bayramı deyilən məfhum tamamilə yoxa çıxıb. Bu, əslində, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir. Təhsilə gec başlamaq sübh tezdən günəş işığının 3-4 saatını yuxuda keçirməyə bənzəyən bir durumdur. İndi 1 sentyabrda yenə də məktəb olmayacaq, Bilik bayramı da olmayacaq, ancaq nə xoş ki, Qurban bayramı məhz həmin gün olacaq. Bu bayramın da fəlsəfəsi budur ki, Yaradana şükr etmək üçün ona qurban kəsməlisən.

Kəsəcəyin qurban da adamdan olmaz, mütləq bəlli heyvan cinsindən olmalıdır. Bu, o deməkdir ki, adamdan qurban kəsilmirsə, onun təhsilini də, biliyini də nəyəsə, kiməsə qurban vermək olmaz! Odur ki, kimsə ilk başlanğıcdan körpə fidanlarımıza stress yaşatmasın, bütün səlahiyyətli şəxslər anlamalıdırlar ki, məktəbdə oxumağa başlamaq ali məktəbdə oxumaq deyil, dövlət tərəfindən təmin olunan hüquqdur!”