Yayın qızmar istisində insanlar daha çox soyuq yemək və soyuq içkilər qəbul etməyə meylli olurlar. Amma çox adam bilmir ki, bu vərdiş ağır nəticələrə səbəb ola bilər. Xüsusilə vətəndaşlar temperaturun kəskin düşməsi səbəbindən termorequlyasiya və tərləmə proseslərinin pozulması ilə üzləşə bilər.
Tribunainfo.az yazır ki, istidə soyuq su damarlarda çox ciddi, hətta ölümlə nəticələnən spazma yarada bilər.
Həkimlərin sözlərinə görə, angina, bronxit və pnevmoniya şəklində ağırlaşmalar da mümkündür. Bundan əlavə, çox soyuq sudan, soyuq və qazlı içkilərdən istifadə kəskin respirator xəstəliklərin inkişafına və qulaq-burun-boğaz orqanlarının xroniki xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Həddindən artıq soyuq içkilər və ya buzlu su mədədə həzm prosesi zamanı qida maddələrinin təbii udulması prosesini də çətinləşdirir.
Soyuq içkini içməzdən əvvəl onun temperaturunu dodaqlarınızla dadaraq qiymətləndirmək tövsiyə olunur. Çox soyuqdursa, uyğun temperatura düşənə qədər gözləyin.
Soyuq içkiləri ilıq çay, şəkərsiz qurudulmuş meyvə kompotu və ya təzə giləmeyvə, meyvə və tərəvəz şirələri ilə əvəz etmək məsləhət görülür. Tüpürcək ifrazının artması səbəbindən limon və laym kimi turşulu qidalar bədənin maye ehtiyacını azaldır, buna görə isti havalarda onları yeməyə, çaya, suya və ya salatlara əlavə etmək tövsiyə olunur.