Xocalı faciəsinin canlı şahidi 20 yaşında 8 gün erməni əsirliyində olan 45 yaşlı Dürdanə Ağayeva …
Xocalı faciəsinin canlı şahidi 20 yaşında 8 gün erməni əsirliyində olan 45 yaşlı Dürdanə Ağayeva …
Mübariz Azərbaycan xanımlarından biri…
İndi onun çiyinlərində daha bir ağır yük var. Xocalıda yaşanan erməni vəhşiliyini dünyaya çatdırmaq. Dürdanə xanıma həmin gün yaşanan dəhşətlər barəsində söhbət etdik. TİA.AZ həmin müsahibəni sizlərə təqdim edirik.
– Dürdanə xanım, Xocalı faciəsindən 25 il keçib. Yaralar qaysaq bağlayıbmı?
– Yaralar qaysaq bağlayır, amma o yara yenə sızıldayır. Ürəyimizin dərinliyində bir yara var, bir dərdimiz var. O, dərd ümumxalqımızın dərdi olsa da, öz içimizdə dərdimiz heç vaxt sağalmır. Hər gecə yatanda Xocalı faciəsini düşünmədən, yada salmadan yata bilmirəm. 25 il ötüb, amma elə bilirəm ki, əsirlikdən dünən gəlmişəm. Sanki 20 yaşlı həmin qız əsirlikdən indi buraxılıb. Olanlar mənim üçün 25 il əvvəl olmayıb, onlar mənim üçün dünən olub. O yaralar heç vaxt sağala bilməz. Qaysağı nə vaxt qopartsaq, yara sızıldayır, göynəyir. Yerindən qan axır. Ən çox da fevral ayında bunu daha çox hiss edirəm. Sanki o günləri təkrar yaşayıram. Hər dəfə yerə qar düşəndə, o günlər göz önümdə yenidən canlanır. İndi də soyuq suya əl vuranda bədənimə gizilti düşür. Bunlar unudulası şeylər deyil. Fevralda qar yağanda, qarı görəndə üşüyürəm, canıma titrətmə düşür, qorxuram. Çünki bir sutka qarın altında qalmışam.Əsirlikdə məni necə vurmuşdularsa, özümdən getmişdim. Elə bilmişəm ki, ölmüşəm. Ayılanda elə bildim yuxudayam. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə dəhşətli gecədə mən ayağımdan güllə yarası alıb, yıxıldım və əsir düşdüm. 8 gün əsir qaldım. O anda bunun real olduğuna inana bilmirdim. Rabitədə işlədiyimə görə ermənilərə çatdırmışdılar ki, mən rabitə işçisiyəm. Bizim kişilərin aldığı erməni arvadları bizi orada satmışdılar. Hər kəsin də adının qarşısına peşəsi yazılmışdı. Mənim adımın qarşısına “svyazistka” yazmışdılar. Adım orada elə də qaldı – “svyazistka”. Onlar elə başa düşmüşdülər ki, mən hərbçilərin rabitəçisiyəm. Məlum məsələdir ki, müharibə gedən bölgədə rabitəçilər elə hərbçilərlə eynidir. Hərbiçi səngərdədirsə, biz də öz postumuzda otururduq, o torpağın keşiyini çəkirdik, mən xəbər gözləyib, xəbər çatdırırdım.Hərbiçi- rabitəçi kimi incidilir, zülmlərə, əzablara məruz qalırdım. Danışmaq çox çətindi. O, elə bir dərddir ki, ömrümün sonuna kimi də unutmayacam. Üstümüzdə bir ləkədi- damğadı! Əsirlik sözünün altından çıxmaq qeyri-mümkündür. Kaş olmayaydı. Mən vəhşilərin görünməyən, ağlasığmaz işgəncəsinə məruz qalmışam. Onlar əsirlərə dəhşətli dərəcədə işgəncə verirdilər. Dəfələrlə məni Xankəndinə aparıb- gətirirdilər. Məni hədələyib qorxuzurdular ki, Ermənistana aparacağıq, orqanlarını çıxardacağıq. 4-5 nəfər yığışıb məni döyürdülər. Biz elə bir millətik ki, öz namusumuzu, qeyrətimizi qoruyan bir xalqıq. Amma Xocalı faciəsində hamısı məhv oldu. Nə namus qaldı, nə qeyrət qaldı. Bizim qızlarımız, gəlinlərimiz niyə düşmən tərəfinə əsir düşməli idi? Öz torpağında qadının düşmənə əsir düşməsi böyük bir faciədir. Mən heç ağlıma da gətirməzdim ki, həmin faciədən sağ-salamat çıxacam. Yəqin bu da Allahın bir qismətidir. 8 gün əsirlikdə həm öldüm, həm dirildim. Əlim göydə idi ki, ay Allah, mənə ölüm ver! Bunlar məni öldürsünlər, bu işgənclərdən canım qurtarsın! Yaşadıqlarım asan bir şey deyildi. Ancaq Allah dözüm verdi, ölmədim.
Əsirlik həyatı –danışmaqla bitməyən çilə
– Əsir götürülməyin özü elə bir hissdir ki, onu heç cür izah edə bilmirəm. Saatlarla döyülməyim, buz kimi soyuq suda saxlanmağım… Əsirlikdə olan müddətdə hər şeyim məhv oldu. Sağlamlığım, bütün əsəblərim korlandı. Həyatım, cavanlığım getdi. Buna dözmək hər igidin işi deyil. Buna gərək ürək dözə. Şükür Allaha bu gün sağ-salamatıq. Amma keçmişə baxanda deyirəm ki, mən nə qədər zülm, əzab görmüşəm. Mən 60-70 kişinin içində bir qadın idim. Ermənilər məni çox incidiblər, əllərimi qapının ağzına qoyublar, başımı yerə qoyub ayaqları ilə vurublar. Dəfələrlə ölmək istəmişəm. Bu istəyimin sayı-hesabı yox idi. Bir dəfə bir erməni soruşdu ki, Qarabağ kimindir? Dedim, bilmirəm. Dedi, söylə ki, Qarabağ ermənilərindir. Dedim yox, bilmirəm. Palçıqlı ayaqqabısını ağzıma necə soxdusa, nəfəsim kəsildi. Mənə torpaq yedizdirdilər ki, “Torpaq istəmirsiniz? Al, ye bu torpağı”. Onlar mənim sözlərimə əsəbiləşib, məni öldürə də bilərdilər, amma öldürmürdülər, ölümcül əzab verirdilər. O qədər istəmişəm ki, məni öldürsünlər, güllələsinlər. Onlara qarşı içimdəki nifrət mən ölənə qədər ölməz.
– Xocalı faciəsi ilə bağlı içinizdəki dərdinizi kitaba axıtdız. “Erməni zindanında 8 gün” kitabınız keçən il çap olundu. Bu kitabı daha geniş kütləyə çatdırmaq üçün hansı tədbirlər görüləcək?
– Bakıda müxtəlif tədbirlərlə yanaşı, xaricdə də tədbirlərə qatılacam. Kitabım türk dilinə nəşr olunub. Bu həftə Türkiyədə təqdimatı olacaq, İstanbulda imza günü keçiləcək.Türkiyə İnsanı Yardım Vaqfı kitabı (İHAHA) təmənnasız çap etdi və bütün Asiya dövlətinə yaydılar. Daha sonra fevralın 27-i Moskvaya səfərim var. Moskvada da kitabın təqdimatı keçiriləcək. Kitab rus dilinə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın sayəsində tərcümə olunub Məqsədimiz də budur ki, Xocalı faciəsini bütün dünayaya çatdıraq. Bu kitab adı bir ədəbiyyat, adi bir hekayə deyil. Kitab yazıçı əlindən çıxmayıb. Bir şahidin gördükləri, 20 yaşlı gənc qızın başına gələn bir faciədən, əsirlik həyatından bəhs edir. 20 yaşlı Dürdanənin başına gələn müsibətdən, erməni vəhşilərinin əzablarına məruz qalmış gənc qızın taleyindən bəhs edir. Bu kitabda erməni vəhşiliyini, irgəncliyini ortaya çıxarıb, sübut kimi qələmə aldım. Bu kitab bir faktdır, bir sənəddir. Mən bunu bir sənəd kimi qəbul edirəm. Mən demirəm ki, kitab yazdım. Sadəcə mən bu sənədi sübut kimi dünyaya yaymaq istəyirəm ki, hamı ermənilərin kim olduğunu görsün.
İlahə