“Dostumuz Şahbaz Xuduoğlunun kitab satışındakı vəziyyətlə bağlı ürək ağrısı ilə yazdığı statusunu paylaşdım. Əksər şərhlərdə bunu maddi çətinliklə bağladılar. Doğrudanmı belədir? Şahbaz bəy kitabları pulsuz da paylayır. Mən bunun şahidi olmuşam. Gəlin bir balaca realist olmağa çalışaq”.
“AzPolitika.info” xəbər verir ki, bu qeydləri millət vəkili Etibar Əliyev “Facebook” səhifəsində “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlunun Azərbaycanda kitab satışının bərbad vəziyyəti ilə bağlı açıqlamalarına münasibət bildirərək yazıb.
Xatırladaq ki, Ş.Xuduoğlu Azərbaycan klassiklərinin, ölkənin tarixi, mədəniyyəti ilə bağlı sanballı əsərlərin alıcısının olmadığnı qeyd edib: “…İki il öncə “Bütün əsərləri” seriyasında Mikayıl Müşfiq və Cəfər Cabbarlını nəşr etdik. Bu vaxta qədər, yəni iki ildə müvafiq olaraq 84, 60 kitab ədəd satılıb. Səlcuqlar və Atabəylər tarixindən bəhs edən Əkbər Nəcəfin çox fundamental bir əsərini 300 ədəd nəşr etdik, 2013-cü ildə. Çox hissəsini hədiyyə etdim. Alan olmadı. Məmməd Əmin Rəsulzadənin əsərlərini mən çox ürəklə nəşr etməkdə davam edirəm. Rəhmətlik Şirməmməd Hüseynov hazırlayırdı, cəmi 300 ədəd, yaxud 500 ədəd nəşr edirdik, onun 100 ədədini özü götürüb paylayırdı, bizə qalanı isə illərlə satırıq, bitmir ki bitmir. Şirməmməd müəllimin qızı İncəsənət Universitetinə rəhbərlik etdi, indi Prezident Administrasiyasında mühüm bir vəzifə tutur, kiçik bir təşəbbüslə, bir zənglə, mədəniyyətimiz naminə olsa belə bu kitabların yayılmasına yardım edə bilməzmi? Bilər, amma etmir.
Şirməmməd Hüseynovdan sonra Nəsiman Yaqublunun hazırladığı kitabları nəşr edirəm, Məmməd Əmin Rəsulzadə, Nuru Paşadan il boyu 5-10 kitab satırıq.
Ədalət Tahirzadənin “Meydan 4 il 4 ay” (1280 səhifə) kitabını cəmi 300 ədəd nəşr etdik. Onun 100 ədədini müəllif götürdü. İki ildi biz 32 ədəd kitab satmışıq. Kitabda bütün meydan hərəkatının təşkilatçı və iştirakçılarının tarixlə, faktla adları keçir. Yaxud Nəsiman Yaqublunun böyük zəhmətlə hazırladığı “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası”. Minlərlə sənədə istinad etdiyi və on minlərlə şəxsin adı keçdiyi (o şəxslərin əksəriyyəti bu gün imkanlıdırlar) o kitab cəmi 10 ədəd satılıb.
Dünyanın böyük universitetlərində kitabları satılan (son kitabı London Universitetində nəşr olunub, satış qiyməti 160 dollar) Cəmil Həsənlinin “Azərbaycan sovet liberalizmi” kitabı cəmi 17 ədəd satılıb.
Rüstəm İbrahimbəyovun ilk dəfə ikicildliyini nəşr etdik, təqdimat da keçirdik, cəmi 20 ədəd kitab satılıb. Bu il Nizami Gəncəvi ilidir, orta hesabla 50 “Xəmsə” satılıb, keçən il Nəsimi ili idi, “Məndə sığar iki cahan” kitabı 36 ədəd satılıb.
10 “Qarabağnamə”ni özündə toplayan “Qarabağnamələr” il boyu 40 ədəd satılıb…”

Etibar Əliyev bildirir ki, sovetlər vaxtı çap olunmuş klassiklərimizin əsərləri indi “Bukinist”də 2-3 manata satılır. “O zamanlar da 2-3 rubla idi. Biz Yusif Vəzir Çəmənzəminlinin, Firudun bəy Köçərlinin, Məmməd Səid Ordubadinin, Hüseyn Cavidin, Mirzə Cəlilin, Məhəmməd Hadinin, Üzeyir Hacıbəyovun, Mirzə Fətəli Axundovun və başqa yazıçı-mütəfəkkirlərin yaradıcılığına dərindən bələdikmi? Məncə yox! Sovetlərin qadağan etdiyi Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseyzadəni, Məmməd Əmin Rəsulzadəni axıra qədər dərk etmişikmi? Məncə yox! Bu dahilərin əsərlərinin dəyəri pulla ölçülməməlidir. Onların əsərləri hər bir azərbaycanlının evində olmalıdır. İngilislər Şekspiri İngiltərədən çox sevirlər”, – deputat vurğulayıb.
E.Əliyev başqa bir məqam kimi ali məktəb müəllimlərinin tədris etdikləri fəndən çap olunmuş yeni ədəbiyyatlarla tanış olmağa can atmalı olduqlarını qeyd edir: “Kitab mağazalarında elmin populyarlaşdırılmasına aid yüzlərlə tanınmış alimlərin kitablarının üstünü toz basıb. Müəllim tələbəni yaxşı öyrətmək üçün bunları oxumalı və təşviq etməlidir. Yəni dar məqamda üç müəllim pul toplayıb, qiyməti 18 manat olan fizika üzrə Nobel mükafatı laureatı Stiven Vaynberqin “Müasir elmlərin mənbəyi” kimi dəyərli kitabı, yaxud fiziologiya və tibb üzrə Nobelə layiq görülmüş Erik Kendelin qiyməti 20 manata olan “Yaddaşın axtarışında” kitabını ala bilməzmi? Bu söhbəti kimyaçılara, psixoloqlara, bioloqlara, iqtisadçılara, süni intellekt üzrə mütəxəssislərə də aid etmək olar. Tələbəsinə mükəmməl bilgilər vermək müəllimin öhdəliyidir. Və bu pulla ölçülməməlidir. Ölkədə keçirilən kitab sərgiləri ilə tanışlıqda acı mənzərənin şahidi oldum. Bir kitab alıb, şəkil çəkdirməklə iş bitmir. Böyük kitabsevər akademik Azad Mirzəcanzadənin yazdığı kitabları oxuyun. 200-dən çox müəllifdən sitat gətirir. Onun fizik Albert Eyneşteynə olan münasibəti fantastika janrında əsərlərin müəllifi Rey Bredberiyə olan münasibətilə eynidir. Hər ikisini dahi sayır. Bəli, “Yüz il tənhalıqda”, “Faust” kimi əsərlər Eynşteynin “nisbilik nəzəriyyəsi” kimi kəşflərdir. Azad müəllim Mirzə Fətəlinin yaradıcılığını ədəbiyyatçılardan və filosoflardan yaxşı bilirdi. Kitabı alırdı, oxuyurdu və təşviq edirdi. İndi belə universal biliklərə malik olan alimlərimiz çox azdır. İndi bu işi görənlərə qısqanclıqla yanaşırlar. Oxumur, lakin oxuyana da pis baxırlar. Bütün bu sualların cavablarını böyük Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” əsərindən tapmaq olar. Heç olmasa bunu oxuyaq!”