Tanınmış saytların adına oxşar saytların artması artıq aktual problemə çevrilib.
Tanınmış saytların adına oxşar saytların artması artıq aktual problemə çevrilib.
Bir hərfi dəyişməklə, fərqli domen seçməklə saytın illərdir topladığı oxucunu, nüfuzu ondan almaq heç də çətin deyil. Üstəlik, sadəcə bir hərfi ilə saytın orijinalından fərqlənən bu törəmələr adətən, şantaj, böhtan və yalan məlumatları ilə gündəmə gəlir. Bir hərflə də oxucunu aldada bilir. Bəzən bu problem müsahiblərlə saytlar arasında problemə çevrilir.
Bəs bu problemin qanuni həlli varmı?
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Publika.az son vaxtlar bu problemlərlə tez-tez qarşılaşdıqlarını deyib: “Bu problem çox aktualdır və Mətbuat Şurasına dəfələrlə bu cür müraciətlərə baxılıb. Çap mediasında belə təcrübə var idi. Hər hansı bir qəzetin rənginə qədər bütün özəlliklərini götürür, diqqətçəkməyən kiçik bir fərqlə yeni qəzet çap edirdilər. Şikayət olunanda da sözün yanındakı hər hansı rəqəm və ya işarənin olduğunu göstərirdilər. Əlbəttə, bunlar sadəcə bir bəhanə idi. İndi oxşar problem onlayın mediada da yaşanır. Bu gün internet media yaradan şəxsin eyni adda, dizaynda sayt olub-olmadığını araşdırması çətin deyil. Araşdırmalarımız göstərir ki, bu hallar yanlışlıq və ya təsadüfdən yaşanmır. Həmin plagiat saytlardakı yazılardan, adətən, şikayətlər olur. Məlum olur ki, onlar yol verdikləri səhvlərdən yayınmaq, yaxud populyar nəşrin auditoriyasını çaşdırmaq üçün adından istifadə edirlər”.
M.Ələsgərli bu halların KİV haqqında qanun və Jurnalistlərin peşə davranış qaydalarının dördüncü prinsipinə birbaşa zid olduğunu bildirir: “İnternet medianın gündəmə gətirdiyi əsas problemlərdən biri də müəllif hüquqlarının pozulmasıdır. İnanınırıq ki, yaxın vaxtlarda bu məsələ də qanunvericilik şəklində gündəmə gətiriləcək. Əslində müəllif hüquqları qanunvericiliklə qorunur. Lakin görünür ki, insanlar həmin qanunvericilikdə bu halların internetdə də yol verilməməsi ilə bağlı əlavə edilməsini gözləyir. Hesab edirik ki, Milli Məclis qanunlarda düzəliş məsələsində bunu nəzərə alacaq. Sayt rəhbərləri məhkəməyə müraciət edib hüquqlarını müdafiə edə bilər. Çünki KİV haqqında göstərilir ki, internet də kütləvi informasiya vasitəsidir. Yəni ənənəvi KİV qurumları üçün mövcud qadağalar internet media üçün də keçərlidir. Ona görə də tövsiyə edərdik ki, sayt rəhbərləri öz saytlarının adlarını patentləşdirsinlər. Bu zaman məhkəməyə müraciət edəndə hüquqlarını daha rahatlıqla müdafiə edə bilərlər”.
“Yalnız məzmuna görə…” Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirir ki, saytın adında bir hərfin belə dəyişməsi başqa bir ad mənasını verir. “Bu zaman isə qanunvericiliklə mübahisə aparmaq, iddia irəli sürmək heç bir uğur vəd etmir. Saytın sturukturundan, loqosundan istifadə edənlərə, yazılarızını kopiyalayanlara qarşı mübarizə aparmaq olar. Loqonu ticarət nişanı olaraq qeydiyyatdan keçirmisinizsə, qanunvericilik sizə uğur qazanmağa imkan verir. Yalnız məzmuna görə mübarizə aparmaq olar, ada görə yox”.