1986-cı il dünya çempionatının 1/4 finalında Dieqo Maradonanın İngiltərəyə vurduğu qoldan illər keçib.
TİA.AZ xəbər verir ki, futbol tarixinin ən ikonik qolunun hansı olduğu sualının cavabı çox aydın deyil. Amma Dieqo Maradona 1986-cı ildə Meksikanın ev sahibliyi etdiyi dünya çempionatının 1/4 finalında İngiltərəyə vurduğu qolu “Tanrının əli” adlandırdı. Şübhəsiz ki, bu, ən məşhur qollardan biri kimi qalacaq.
Çempionatın qrup mərhələsində Cənubi Koreya, İtaliya və Bolqarıstanla birgə A qrupunda yer alan Argentina 5 xalla öz qrupundan birinci pillədə çıxdı. 1/16 final mərhələsində isə rəqib Cənubi Amerikanın digər komandası Uruqvay idi. 42-ci dəqiqədə Pedro Paskullinin vurduğu qolla Uruqvayı məğlub edən Karlos Bilardonun komandasını növbəti mərhələdə İngiltərə ilə matç gözləyirdi.
Heyətində Peter Şilton, Terri Batçer, Qlenn Hoddl və Qari Lineker kimi unudulmaz futbolçuların yer aldığı və əfsanəvi məşqçi Bobbi Robsonun rəhbərlik etdiyi komanda üç qolla Paraqvayı 1/16-da məğlub etmişdi. “Azteka”da baş tutacaq və 114 min insanın izləyəcəyi Argentina – İngiltərə matçından öncə hər iki komandada kifayət qədər özünəinam vardı.
Bir hərəkətlə milyonlarla insanı aldatdı
Olduqca balanslı keçən oyunun 51-ci dəqiqəsində Maradona əli ilə toxunduğu topla qapıçı Peter Şiltonu məğlub edir. Hətta həmin vaxt matçın tunisli hakimi Ali Bennasur da stadiona toplaşan yüzminlərlə və ekran başındakı milyonlarla insan kimi nələr olduğunu anlamır. İngilis futbolçuların etirazına baxmayaraq, mərkəz nöqtəni göstərən Bennasur, futbol tarixində ən yadda qalan hakim səhvlərindən birini etdiyindən xəbərsiz idi.
3 dəqiqə sonra Maradona komandasının dünya kubokunu başı üzərinə qaldırmasında aparıcı rol oynayan qolu da rəqib qapısından keçirdi. O, ələ keçirdiyi topla yarımmüdafiə xəttindən başlayaraq 60 metr məsafədən driblinq edərək beş oyunçunu aldatdıqdan sonra Şiltonu növbəti dəfə məyusluğa uğratdı. Beləliklə yarımfinala adlayan Argentina bu mərhələdə Maradonun iki qolu ilə Belçikanı məğlub edir. Finalda isə Almaniyanı 3-2 hesabı ilə məğlubiyyətə uğradan cənubi amerikalılar çempionluğu qeyd etdilər.
“Maradonanın hər iki qolu ləğv edilməli idi”
Maradona qolunu “Tanrının əli” kimi qələmə versə də, ingilis futbolçuların və futbolsevərlərin qəzəbi illərdir keçməyib. İngiltərə millisinin qapıçısı Şilton illər sonra qola görə Maradonaya qəzəbini bu şəkildə dilə gətirib:
“Həmin gün nə olacağını heç birimiz proqnozlaşdıra bilməzdik. İkimiz arasında hava topu mübarizəsində topa başı ilə çata bilməyəcəyini bilirdim. Topu əli ilə tora göndərdi. Bu, açıq-aşkar qayda pozuntusu və fırıldaq idi. O, qolu qeyd etmək üçün qaçarkən belə, hamı kimi nə etdiyini bildiyi üçün hakimə iki dəfə baxdı. Məni ən çox narahat edən o idi ki, etdiyi əmələ görə heç vaxt üzr istəmədi. O, üzr istəmək əvəzinə “Tanrının əli” analogiyasını etdi, bu çox səhv idi. O, böyük futbolçu idi, amma təəssüf ki, alicənab idmançı deyil. İllərlə ikimizi bir araya gətirmək istəyirdilər. Üzr istəyəcəyini bilsəm sevə-sevə əlini sıxardım. Amma buna aid heç bir işarə belə görmədim. Ümid edirəm ki, o qol Maradona irsinə ləkə gətirməyəcək”
İngiltərə millisinin hücumçusu Lineker isə Maradonanın ikinci qolunun da, ləğv edilməli olduğunu deyib:
“Matçda digər qoldan əvvəl Qlenn Hoddle qarşı kobudluq edilmişdi. Həmin qolla bağlı sənədli filmi görənə qədər bu folun fərqinə varmamışdım. Deməli, hər iki qol ləğv edilməli və biz dünya kubokunu qazanmalıydıq. Matçdan sonra Argentinanı alqışlamağı düşünürdüm, amma bacarmadım. İçim parçalanmışdı. Dieqo qəribə, lakin xoş insan idi. Onunla vaxt keçirməkdən həzz alırdım. O, narkomaniya və mafiya dünyasına girsə də, əla dost idi. Dieqonun sirri onun ağıllı olması idi. Ağıllı olmadan, əla futbolçu ola bilməzsən”.
Simvolik qisas
İllər sonra rejissor Asif Kapadianın çəkdiyi sənədli filmdə bu mövzuda açıqlama verən Maradona 1982-ci ildəki “Folklend müharibəsi”ni xatırladıb və məqsədinin simvolik bir qisas olduğunu bəyan edib. Argentinalı əfsanə bildirirdi ki, o dövrdə ingilislər tez-tez “Tanrı bizə yardım əlini uzatdı” ifadəsini işlədirdilər”.
Səbuhi Həsənov
Mənbə: “Goal”