Bir gecənin 23 ŞƏHİDİ…

Bir gecənin 23 ŞƏHİDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 avqust 1993-cü il… Azərbaycan tarixində qara hərflərlə yazılmış, amma şəhidlərin qanı ilə işıqlandırılmış bir gecə… Cəbrayıl rayonu ətrafındakı Daşbaşı yüksəkliyində, gecənin səssizliyini qəfil bir hücum pozdu. Əli silah tutmağa təzə başlayan, bəziləri 18 yaşını hələ yenicə tamamlamış 23 igid gənc öz canlarını Vətən, torpaq uğrunda fəda etdilər.

Daşbaşı postu strateji baxımdan olduqca önəmli bir mövqedə yerləşirdi. Daşbaşı postu Cəbrayıllın müdafiəsi üçün ən vacib mövqe idi. Ermənistan silahlı qüvvələri bunun fərqində idilər və məhz bu səbəbdən həmin mövqeyə qəfil və amansız hücum etdilər.
Amma qarşılarında qorxuya boyun əyməyən, ruhları uca, ürəkləri od olan Azərbaycan oğulları dayanmışdı.

O gənclər üçün bir yol vardı – sonadək döyüşmək və… şəhid olmaq. Onlar şəhidliyi seçdilər…

Onlar sadə kənd uşaqları idi – birinin atasının əli torpağa, birinin anasının əli çörəyə bulaşmışdı. Onlar həyatlarının baharını yaşayırdılar. Gözlərində gələcəyə ümid vardı. Amma Vətən çağıranda, gəncliklərini, arzularını, ailələrini geridə qoyub cəbhəyə yollanmışdılar. Onların hərəsi bir ömür, bir ümid, bir ailənin işığı idi.

Biri məktəb müəllimi olmaq istəyirdi…

Biri anasına ev tikməyi arzulayırdı…

Biri sevdiyi qıza nişan üzüyü almışdı, qayıtdıqdan sonra toy edəcəkdi…

Amma heç biri qayıtmadı…

Onlar şəhid oldular – öz arzularını, həyatlarını Vətənin bütövlüyü naminə fəda etdilər. Onlar öz canları ilə bir torpaq parçasını qoruyarkən, əslində Azərbaycanın ruhunu, xalqın qürurunu yaşatdılar.

Həmin gecədəki qeyri-bərabər döyüşdə erməni qüvvələri bizim döyüşçülərdən iki dəfə çox olmuşdu. O gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər gəncimizi öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.


Onlardan 21-i cəbrayıllı, 1-i şəmkirli, 1-i beyləqanlı idi.

İmanov Müslüm Cəmil oğlu – Böyük Mərcanlı k.
Fərhadov Fərhad İdris oğlu – Böyük Mərcanlı k.
Fərhadov Arif Məhəmməd oğlu – Böyük Mərcanlı k.
Sevdimalıyev Cəbrayıl Əli oğlu – Böyük Mərcanlı k.
Fərhadov Bayram Məhyəddin oğlu – Böyük Mərcanlı k.

Cəfərov Murad Hafiz oğlu – Daş Veysəlli k.
Abdullayev Zahid Əvəz oğlu – Daş Veysəlli k.
Hüseynov Həsən Hüseyn oğlu – Daş Veysəlli k.

Eyvazov Teymur Eyvaz oğlu – Soltanlı k.
Yusifov Elman Bəhram oğlu – Soltanlı k.
Məmmədov Faiq Fərman oğlu – Soltanlı k.

Ağayev Ramiz Eldar oğlu – Cəbrayıl ş.
Əliyev Etibar İslam oğlu – Cəbrayıl ş.

Rəhimov Mətləb Əvəz oğlu – Məzrə k.
Quliyev Aydın Tapdıq oğlu – Məzrə k.

Əmirxanov Süleyman İbrahim oğlu – Kavdar k.

Fətəliyev Hafiz Məhəmməd oğlu – Şahvəlli k.

Məmmədov Rüfət Rəvan oğlu Maralyan k.

Kazımov Vahab Yaşar oğlu Mahmudlu q.

Hüseynov Yusif Musa oğlu Xələfli k.

Şəmilov Rövşən Bəhlul oğlu – Qumlaq k.

Mirimov Qərib Mehdi oğlu – Beyləqan rayonu (əslən Cəbrayılın Sofulu kəndindən).

Gülməmmədov Rafayıl Məhəmməd oğlu – Şəmkir rayonu.

Daşbaşıda şəhid olan 23 gənc bizə təkcə keçmişin qanlı səhifələrini xatırlatmır. Onlar bu günümüzü qoruyur, gələcəyimiz üçün dirilik dərsi verir. Onların hər biri bizə səslənir:

“Vətən seviləndə müqəddəs olur. Vətən üçün ölənlər – ölməz olur!”

Bu şəhidlər unudulmasın deyə, onlar tarix kitablarında deyil, qəlbimizin yaddaşında yaşasın deyə yazmalı, danışmalı, yaşatmalıyıq.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra – 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…

Hər avqustun 15-də Daşbaşıda səssiz bir dua yüksəlir – şəhidlərin ruhuna…

Küləklər onların adlarını pıçıldayır…

Qarabağ torpağı onların şəhidliyilə ilə azadlığa qovuşdu…

15 avqust 23 gəncin anım günüdür… Allah rəhmət eləsin!
Ə.Qafarlı