“Premyer Liqadakı klublar güclənir, təlim-məşq toplanışı keçirlər. Daha da peşəkarlaşırlar. Premyer Liqada illər sonra idman prinsipi qorundu. Sonuncu yerdə olan diviziona düşdü. Bu, elitada mübarizəni də gərginləşdirmişdi. Çalışmalıyıq hər mövsüm belə olsun. “Araz Naxçıvan”da infrastruktur problemi var. Çempionatımızı yüksək səviyyədə keçirmək istəyiriksə, bura gələn də yüksək səviyyədə klub olmalıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün püşkatma mərasimi zamanı deyib.
O, Premyer Liqada legioner sayı üçün tətbiq ediləcək rüsumlarla bağlı hər hansı güzəşt olunmayacağını söyləyib: “Rüsumla bağlı heç bir güzəşt olmayacaq. Güzəşt etsək, İcraiyyə Komitəsinin qərarı əhəmiyyətsiz olacaq. Rüsum ödəmək istəməyən yerli və ya öz ölkəsində milli komandasında oynayanı cəlb etməlidir”.
Şahgəldiyev yeni mövsüm işlərinin daha çox olacağını etiraf edib: “Beş liqa keçirəcəyik. İşimiz artacaq. Ən çox tənqid ediləcəyimiz mövsüm olacaq. Bunlardan qorxmuruq. II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin. Nə vaxtsa başlamalıydıq. Futbolçu qıtlığı olduğuna görə I Liqa komandaları gənclərə təklif göndərirlər. Bu, faydalı məqamdır. Hamı üçün uğurlu futbol mövsümü olacağını düşünürəm”.