Bakının Binəqədi rayonu, 8- ci mikrarayon ərazisində yaşıllıqların məhv edilməsinə dair məlumat daxil olmuşdu. Xəbərdə deyilirdi ki, Nizami Nərimanov küçəsindəki “Pink house” restoranının qarşısında altı ağac kəsilib, qalanlarının da qırılmasına hazırlıq görülür. Bununla bağlı Tribunainfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərmişdi.
Sorğuya cavab olaraq, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən saytımıza bildirilib ki, Binəqədi rayonu, Nizami Nərimanov 19 ünvanında ağacların kəsilməsi ilə bağlı yerində araşdırma aparılıb. Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 10 sərv ağacının kəsildiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub. Hazırda torpaq mülkiyyətçisinin və ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara göndərilməsi üçün hazırlanır”.
Tribunainfo.az