“BİNƏ ÇÖRƏYİ” almayın! Görün onların çörəyi nədən çıxır…

“BİNƏ ÇÖRƏYİ” almayın! Görün onların çörəyi nədən çıxır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Binə Çörək Zavodu” MMC artıq neçənci dəfədir ki, gündəmə gəlir. Hər dəfə də nöqsanlar, natəmizlik, çirkab suları ilə… Amma müəssisə cərimələnir və yenə işini davam etdirir. Bəs, hər gün xalqa yedirilən çörəyin keyfiyyəti və çörəkbişirmə sexində şərait yaxşılaşırmı? Faktlar deyir ki, yox!
Deməli, göz görə-görə xalqa natəmiz şəraitdə hazırlanan çörək satılır. Bunun isə tək çarəsi var – boykot etmək və Binə çörəyini almamaq, əgər aidiyyatı qurumlar müəssisənin qapısına qıfıl vurmurlarsa…

Tribunainfo.az xatırladır ki, mayın 6-da yayılan rəsmi məlumat bir daha vəziyyəti gözlər önünə sərdi.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində yoxlama keçiriblər. AQTA-nın yaydığı məlumatlara əsasən, yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanında bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.

Qeyd olunur ki, faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib. Vəssalam, deməli, MMC öz fəaliyyətini davam etdirəcək. Xalqa satılan çörəyin hansı şəraitdə bişirilməsi isə yenə məlum olmayacaq. Və indiyə qədər bu əcaib vəziyyətdə çörək bişirən adamlar ailəsinə çörəkpulu aparıblar.
Yaxşı, dövlət qurumlarını da bir kənara qoyduq, bəs MMC rəhbərindən tutmuş orada xəmir yoğuran şəxsə qədər heç birinin vicdanı yoxdurmu? Onlar öz ailələrinə də bu çörəyi aparırmı? Xalqın gündəlik qida rasionunda ən böyük tələbat olan çörəyə bu münasibət öz çörəkpuluna da haram qatmaqdır, Allah qarşısında da, xalq önündə də günahdır. Və bu şəraitə göz yummaq ən böyük vicdansızlıqdır. Belə bala saxlamırlar…

Yeri gəlmişkən, bu müəssisənin maşınları 927 nömrə nişanlıdır. Əksər sürücüləri isə “terrorçu”dur. Əgər bu nömrə ilə ” Binə” yazılmış maşınlarda normal sürücü görsəniz təəccüblənin. Məlumata görə zavodun çörəyini daşıyan şəxslərin əksəriyyəti sürücülük vəsiqəsi olmayanlardır və məktəb yaxınlığında yerləşən zavoddan ildırım sürəti ilə çıxır, qəza riski yaradır, məktəblilərin həyatını təhlükəyə atırlar. Bu da başadüşüləndir. Rəhbəri xalqa o şəraitdə çörək bişirənin sürücüləri də harın olar. Yəqin ki, hörmətli yol polis əməkdaşlarımız onları bir reydlə yoxlaya bilər. Əks halda, bir gün faciə yaradacaqlar.

Rahid Xan, xüsusi olaraq Tribunainfo.az üçün və xəbər portalı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.