Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binaların dəhlizindən yanğınsöndürən borular naməlum şəxs tərəfindən oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxsin əməlləri binadakı mənzillərdən birinə aid kameralar vasitəsilə lentə alınıb.
DİN-in Mətbuat xidmətindən saytımıza bildirilib ki, noyabrın 26-sı B.Nuriyev küçəsində yerləşən binaların dəhlizindən 15 ədəd yanğınsöndürən borunun oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı hadisəni törətmiş 28 yaşlı Ş.Cəfərli saxlanılıb.
Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə olan metamfetamin də aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.