Bilgəhdə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində problemlər aşkarlanıb.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri və aparatın müvafiq əməkdaşları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə öncədən xəbərdarlıq edilmədən keçirilmiş monitorinq zamanı əvvəlki monitorinqlər və başçəkmələrdə aşkar olunmuş nöqsanların bir çoxunun həll edildiyi müşahidə edilsə də, bəzi problemlərin, xüsusən də ahıllara xidmət göstərən personalın çatışmaması, ştat cədvəli üzrə vakant yerlərin mövcud olması kimi halların hələ də qaldığı məlum olub.
Bu problem müəssisə rəhbərliyinin diqqətinə çatdırılmış, nəticədə bir neçə vakant yerə işçi cəlb olunmuş, ahıllara həm gündüz, həm də gecə saatlarında qulluqla bağlı məsələ öz həllini tapıb. Bununla belə, müəssisənin ştat cədvəlinə uyğun olaraq, sosial xidmətin təşkili şöbəsində bəzi vəzifələrin, o cümlədən bir psixoloq və iki həkim-terapevt vəzifələrinin vakant olaraq qaldığı müəyyən edilib ki, bu da öz növbəsində ahılların sosial-psixoloji reabilitasiyasına və tibbi xidmətlərin lazımi qaydada həyata keçirilməsinə neqativ təsir göstərir.
Qeyd olunan müəssisədə yaşayan bir neçə sakinin şəxsiyyətini təsdiq edən sənədinin müxtəlif səbəblərdən olmaması onların bir sıra hüquqlarının həyata keçirilməsinə, o cümlədən əlilliyinin qiymətləndirilməsinə imkan verməyib.
Müəssisədə yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların bəzilərinin texniki normalara uyğun gəlmədiyi, rütubətli, habelə döşəklərin bir neçəsinin nimdaş olduğu, avadanlığın və istilik sisteminin yenilənməsinə ehtiyacın yarandığı müəyyən edilib.
Müəssisənin ikinci korpusunun yaşayış üçün tam yararsız olmasına baxmayaraq, orada kifayət sayda ahıl şəxsin yerləşdirildiyini nəzərə alaraq, həmin korpusda əsaslı təmir-bərpa işlərinin aparılması zəruridir.
Sakinlərlə təkbətək görüşlər zamanı müəssisənin əsasnaməsinə zidd olaraq, ərazidə müvəqqəti yerləşdirilmiş ailələrin üzvləri tərəfindən ictimai asayişin pozulması barəsində şikayətlər də qeydə alınıb.