239 saylı məktəbdə baş alıb gedən rüşvətxorluq müəllimələri dilə gətirdi.
239 saylı məktəbdə baş alıb gedən rüşvətxorluq müəllimələri dilə gətirdi.
Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir parçasına çevrilib. Buna baxmayaraq, yeni təhsil ocaqlarında valideynlərdən və müəllimələrdən yığılan rüşvətlər sözügedən təhsil siyasətinə vurulan ən böyük zərbələrdən biridir.
Bu cür ümumtəhsil müəssəsələrindən biri də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdir. 2008-ci ildə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təmir etdirdiyi məktəb hələ də rüşvətlə idarə edilir.
Bu barədə azxeber.com-a ünvanlanan məktubda Bəylərova Süsən adlı oxucumuz məlumat verib.
Məktubda məktəbin direktoru Sədaqət Əzimovanın özünəməxsus qaydalarla məktəbi idarə etdiyi və müəllimələrdən dərs saatlarına görə rüşvət aldığı qeyd edilib. Bundan başqa repetitorluqla məşğul olmaq istəyən müəllimələr və repetitor yanına getmək istəyən uşaqlar mütləq Sədaqət müəlliməni razı salmalıdırlar:
“Məktəbdə müəllimələrə dərs saatı verilməsinə görə, repetitorluq fəaliyyətlərinə görə, uşaqlar isə repetitor yanına getdiklərinə görə rüşvət verirlər. Bütün bunlarla yanaşı müəllimələrin “açıq dərs”lərinə görə də rüşvət alınır. Belə ki, hansı müəllimə Sədaqət Əzimovanın onun qoyduğu dərsə “yaxşı” deməsini istəyirsə, 100-200 manat arası rüşvət verməlidir. Əks təqdirdə həmin müəllimin qoyduğu açıq dərs hesab olunmur. O özü ixtisasca kimya müəlliməsi olmasına baxmayaraq, rüblük zamanı bütün müəllimələrin əvəzinə valideynlərdən pul alaraq şagirdlərə özü qiymət yazır. Öz qızını isə heç bir test imtahanı vermədən ibtidai sinif müəlliməsi təyin edib. Vaxtaşırı iclas çağırıb, məktəbə birinci sinif şagirdlərinin yığılmamasına görə müəllimləri təhqir edir. Daha xəbəri yoxdur ki, onun rüşvətxorluğuna görə valideynlər bu məktəbə uşaq gətirmirlər. Və hər dəfə bizim ondan yuxarılara şikayət etdiyimizi bildiyini deyir. O “məni heç kim işdən çıxarda bilməz, çünki mən 30 ildir direktoram. Həm də Naxçıvanlıyam” deyir”.
Məktubda direktorun 7-ci, 8-ci və 9-cu sini şagirdlərinə aşağı qiymətlərin yazılmaması üçün xüsusi tapşırıq verdiyi də qeyd edilib. Buna səbəb valideynlərin kütləvi şəkildə şagirdləri məktəbdən çıxarmalarıdır:
“Axır günlər isə 7-ci, 8-ci, 9-cu sinif şagirdlərinə aşağı qiymətlərin yazılmaması üçün göstəriş verib. Çünki qorxur ki, valideynlər uşaqları məktəbdən çıxarılar və siniflər azalar. Bu da məktəbin bağlanmasına gətirib çıxarar”.
Şikayətçi direktorun bu əməllərinə görə ona etiraz edən direktor müavini Solmaz xanımla münasibətlərinin pisləşdiyini də qeyd edib.
Mövzu ilə bağlı 239 saylı məktəblə əlaqə saxlasaq da, direktor S.Əzimovanın hazırda suallarımıza cavab verə bilməyəcəyi bildirilib.