Tribunainfo.az milli komandanın üzvü olmuş, “Xəzər-Lənkəran”ın 5 il şərəfini qorumuş, hazırda isə “Birlik” futbol klubunun baş məşqçisi Zahid Quliyevlə müsahibəni təqdim edir:
– Rəhbərlik etdiyiniz klub haqqında məlumat verərdiniz?
– “Birlik” PFK 2017-ci ildə yaranıb. Yarandığı gündən rəhbəri Şakir Eyyubov bizi yüksək şəkildə nəzarətdə saxlayıb. “Qarabağ”, “Neftçi”, “Sabah” kimi heç bir klubdan ayırmayıb. Hər bir şəraitlə də təmin edib. Hətta mən deyərdim ki, bəzi nüanslardan üstündür. 2011-2012-lərimiz respublika çempionatlığında iştirak edirlər. Artıq 3-cü ildir ki, gözəl nəticələr əldə edirlər. Hazırda yenə 2011-2012-lərimiz respublika çempionatında iştirak edəcəklər. İnşallah, gələn il də 2014-2015 yaş qruplarımız respublika çempionatlığında yüksək səviyyədə iştirak edəcəklər.
– Milli komandaya sizin yetirmələrinizdən gedən olub?
Milli komandalara yox, “Qarabağ”, “Neftçi”, “Zirə” bu klublara transfer etmişik.
– 2017-dən bəri neçə yetirməniz transfer olub?
– 20-yə yaxın uşaq transfer olub.
– Onların içində tanınmışlardan kimlər var?
– Mehman Ağakiyev, Uğur Quliyev, Əli Quliyev, Nihat Piriyev, Süleyman Vüqarov tanınmış uşaqlar arasındadır. Uşaqlarımız “Araz-Naxçıvan”da, “Şamaxı”da, “Neftçi”də oynayırlar. Fərid “Neftçi”nin kapitanıdır. “Şamaxı”nın kapitanı Mehman Ağakişiyevdir. Bunlar hamısı bizdən çıxmış uşaqlardır.
– “Birlik” klubunun digər komandalardan fərqi nədir?
– Məncə, böyük bir fərq var. Rəhbər bizə azadlıq verib. Rəhbərimiz deyib ki, hansı uşaq güclüdür, o da oynasın, heç bir uşağın haqqına girilməsin. Bəzi klublara baxanda, açıq danışacam, heç kəsdən çəkinmirəm – bəzi klubların rəhbərləri imkan vermirlər ki, məşqçilər işləsinlər. Yəni oynayan uşaq qalır qıraqda… Amma burada elə deyil. Şakir müəllim deyib ki, hansı uşaq güclüdür, o da oynayacaq.
– Son zamanlar uşaqların futbola marağının artdığını görürük. Siz necə müşahidə edirsiniz?
– Çox gözəl… Deyərdim ki, “Qarabağ” futbol klubu bizi Avroliqada, UEFA-da necə təmsil edirsə, biz də izləyirik. Azərbaycanlı uşaqlar onlara baxır və həvəsə gəlirlər. Çox istərdim ki, təkcə “Qarabağ”ımız yox, “Neftçi”, “Zirə”, “Səbail” kimi komandalarımız da yaxşı nəticələr versinlər. Və uşaqlarımızın “Birlik” klubuna gəlişi 10 yox, olsun 20 uşaq.
Sonda qeyd edim ki, bu yaxınlarda Qəbələdə keçirilən “Qəbələ kap” turnirində Qazaxıstandan, Özbəkistandan, Türkiyədən də bir neçə klub gəlmişdi. Azərbaycandan da 3-4 klub iştirak etmişdi. O klublardan biri də “Birlik” PFK olub. “Birlik” komandası orada ikinci yer tutdu.
Dəniz