Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMCo-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMCo-nin direktoru Bayram Vəliiyev və “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində İlqar Həsənov ifadə verib. O bildirib ki, “P.L.Z” MMC-də direktor vəzifəsində çalışıb: “Adı çəkilən MMC nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun övladlarının adınadır”.
İlqar Həsənov istintaqa ifadə verdiyini, ancaq indi istintaqa ifadəsini xatırlamadığını bildirib. O, bunun səbəbini sonradan yaddaşında problemlərin yaranması ilə izah edib.
Digər şahid Bəhrəm Səfərov bildirib ki, 2011-dən “Azərpoçt” MMC-nin Sumqayıt şöbəsində çalışıb. Onun sözlərinə görə, 2015-ci ildə isə işdən çıxıb.
Növbəti dindirilən şahid Rəşadət Gərayzadənin sözlərinə görə, təqsirləndirilən şəxslərdən “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevi tanıyıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə işləyən bir çox MMC-lərdə müxtəlif vəzifələrdə çalışdığını deyən Rəşadət Gərayzadə nazirlik tərəfindən edilən sifarişlərin icrası zamanı görülən işlərin 35 faizə qədər şişirdildiyini bildirib.
Digər şahid təqdirləndirilən şəxslərdən “Optik Qurğular” İdarəsinin rəisi Namazalı Məmmədovun bibisi oğlu Həsən Alıyev olub.
Şahidin sözlərinə görə, rabitə sahəsində görülən işlərlə bağlı qohumuna məxsus şirkətlərdə çalışıb. O, istintaqa verdiyi ifafəsini təsdiq edib.
Şahid Azər Alzamanov həbs edilənlərdən “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədovun yanında mühəndis olaraq çalışdığını deyib.
O, istintaqa ifadəsini təsdiqlədiyini və həbs edilən şəxslərin yaxşı rabitəçilər olduğunu söyləyib: “Bunlar rabitə sahəsinin qaymaqlarıdır. İndi bilməyib gəlib bura düşüblər. Allah Namazəli müəllimin canını sağ eləsin. 6-7 ay idi işsiz idim. İşsiz olduğum üçün arvadla tez-tez dalaşırdıq. Namazəli müəllim iş verdi, gedib onun yanında işlədim. Mənim də başım dincəldi, arvad da sakitləşdi. İndi namaz qılıb, dua edirəm ki, Namazəli müəllim həbsdən çıxsın, gedim onun yanında işləyim”.
Hakim şahidin dediklərinə belə cavab verib: “Deyəsən, yenə arvaddan boşanmaq təhlükəsi var”.
Prokurorun sualına cavab verən Azər Alzamanov istintaqda çalışdığı idarədə görülən işlərə görə 600 min manatdan çox dəyəri olan müqaviləyə imza atmasını belə izah edib: “Bəli, imzalamışam. Namazəli müəllim dedi ki, gözün kordur? Mən də imzalamışam”.
Şahid Cabir Rəsulov ifadə verərkən onun istintaqa dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olub. “AzEurotel” MMC-nin direktoru olan Cabir Rəsulov istintaqa deyib ki, “AzEurotel” MMC-nin səhmlərinin 50 faizi əvvəllər “Lukoil Europe” şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan “Lukoil Europe” öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.
O, ifafəsində deyib ki, Beytulla Hüseynov BTRİB-in 800 min manatını “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, Beytulla Hüseynov görülməmiş “İşlərə” görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan “PLZ” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb.
Ancaq şahid məhkəmədə dediklərini təkzib edib. O, kondisionerlərin quraşdırıldığını qeyd edib.
Şahidin dedikləri ilə bağlı sabiq aparat rəhbəri Vidadi Zeynalov danışıb: “Yəqin bura gələndə həyəcandan səhv deyirlər. Şahid andı içib, sənədə qol çəkəndə həyəcanlanırlar. Amma işlərin hamısı görülüb. Hələ deyiləndən də artıq iş görülüb, pul xərclənib”.
Proses yanvarın 11-də davam edəcək.