Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür.
Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür.
TİA.AZ xəbər verir ki, 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq rəqs günü təsis olduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur. Azərbaycan xalq rəqslərinin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min əvvəl, Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutub. Bu baxımdan Qobustan qaya üstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
İlahə