BAXCP sədri Mehman Əliyevin həbsinə münasibət bildirib
BAXCP sədri Mehman Əliyevin həbsinə münasibət bildirib
Mehman Əliyevin həbsini və müdafiəsini təşkil edənlər iqtidar nümayəndələri olduğu üçün cəmiyyətin bir hissəsi qəti əmindir ki, Turan İnformasiya Agentliyinin direktoru məmur intiriqalarının qurbanıdır.
“Xalq Cəbhəsi” qəzetinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı sorğusunu cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev belə deyib.
Mehman Əliyevin 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranın vahid namizədi olmaq istədiyini, amma agentlik rəhbərinin iqtidarla olan müəyyən ilişkilərinin buna mane olduğunu qeyd edən BAXCP sədri onun həbsi ilə bağlı ictimai rəydə başqa bir fikrin də yer aldığını xatırladıb: “Digər fikir isə ondan ibarətdir ki, Mehman Əliyev tezliklə azad olunacaq və bu dəfə növbəti seçkilərdə həmin düşərgənin vahid namizədi olacaq. Mehman Əliyevin həbsinin onun jurnalist fəaliyyəti, yaxud vergidən yayınma faktına görə olduğuna inananlar azdır. Mehman bəyin siyasi fəaliyyətində gizli danışıqlara və riskli addımlar atmağa meyilli olması onun həbsini istəyənlərə imkan yaradıb ki, siyasi rəhbərliyi nəyəsə inandırsınlar. Mətbuat Şurasının Mehman Əliyevin barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə çağırışına əhəmiyyət verilməməsi də bunula bağlıdır”.
Qüdrət Həsənquliyev qeyd edib ki, rəsmi elan olunmuş ittihamlara görə onun həbs olunması doğru deyil və seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilməlidir: “İqtidar ölkənin imici barədə də düşünməli, yalnız Mehman Əliyevi yox, xüsusilə ağır dövləti cinayətlər törətmiş şəxslər istisna olmaqla, beynəlxalq təşkilatların mövqeyinin nə dərəcədə əsaslı, yaxud əsassız olduğundan asılı olmayaraq, onların siyasi məhbus hesab etdiyi digər məhbusları da azad etməlidir. Bizim Qarabağın azadlığı üçün beynəlxalq dəstəyə böyük ehtiyacımız var”.
“Təkcə bu fakt kifayət edir…”
BAXCP sədri “Xalq Cəbhəsi” qəzetinin İranın din xadimlərinin Azərbaycanın İsraildə səfirlik açmaması üçün ölkəmizə müraciəti barədə sorğusunu da cavablandırıb. Qüdrət Həsənquliyev qeyd edib ki, belə çağırış etmək üçün son dərəcə utanmaz və həyasız olmaq lazımdır: “Bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan, onların torpağını işğal edən Ermənistanda səfirlik açıb və bunu edənlərlə öpüşüb hər cür əməkdaşlıq edən ölkənin təmsilçisi, xüsusilə də Azərbaycan türkü gərək ölüb yerə girə ki, bizə ağıl verə. İsrail bizə müdafiə olunmaq və işğala son qoymaq üçün müasir silah satır. Təkcə bu fakt kifayət edir ki, bizim İsraildə səfirliyimiz olsun”.