Erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Tribunainfo.az xəbər verir ki, konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılıb və məscid əvvəlki tarixi görkəminə qaytarılıb.
Xatırladaq ki, Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu.