Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundubackend

Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin əvvəlində dələduzluğa görə 3 il azadlıqdan məhrum edilmiş sabiq bələdiyyə sədri indi də külli miqdarda rüşvət ittihamı ilə cəzalandırılıb.

 Tribunainfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kiçikbəyovdan gedir.

55 yaşlı Kiçikbəyov bu ilin əvvəlində dələduzluq cinayətinə görə mühakimə edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəməsi davam etdiyi müddətdə onun korrupsiya cinayətlərinin də üstü açılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, Kiçikbəyov bələdiyyə torpaqlarını fermerlərdən və digər şəxslərdən rüşvət alaraq uzunmüddətli icarəyə verib. O, bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib.

Onun işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılıb.

Məhkəmə istintaqı ilə eks-bələdiyyə sədrinin təqsiri sübuta yetirilib. Hökmə əsasən, ona əvvəlki cəzası toplanmaqla 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, müttəhim Kiçikbəyov ilk dəfə 2022-ci ildə həbs edilib. Həmin vaxt ona 2 il 6 ay həbs cəzası verilib. Sonrakı hökmlə ümumi cəza müddəti 3 ilə qaldırılıb. Bu, onun iki il ərzində üçüncü hökmüdür.