Bədii ədəbiyyat beynin gimnastikasıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazısı, kitabı olan bir xalqıq.
 

Yazısı, kitabı olan bir xalqıq. Zaman-zaman daş abidələrdə, daş kitabələrdə dəsti-xətti saxlanan, tarixi yazılan, nə qədər saxtalaşdırılsa da, it-bata salınsa da, həqiqəti itməyən-batmayan, min il sonra da özünü təsdiqləyən bir xalqıq. Hələ Avropada yeni-yeni yaranmağa başlayan roman janrınnan, min-min il əvvəl dastan yaradıcılığı mövcud idi, bir dastançılıq havası gəlmişdi. Təsadüfi deyil ki, tədqiqatçılar dastanı, romanın babası hesab eləyirlər. Sözümüzə qüvvət kimi deyə bilərik ki, epik əsər adlanan roman janrı elə epos, yəni dastan sözünnəndi. Xalqın tarixini, düşüncə sistemini formalaşdıran dastan ərşin-qürşün sirlərini özündə ehtiva eləyən, elmi dayaqları, söykənəkləri olan bir dünyadərk forması idi. İnsan, ağlının gedib-çıxa bilmədiyi, ruhla hisslə qavranıla bilən mistik bir dünyagörüşü ifadə eləyirdi. Əslində yazısı, kitabı olan, dastan yaradıcılığı ilə seçilən, milli incilər, inanclar toplusu yaradan bir xalq olaraq haqqında danışılası, yazılası mətləblər həddən ziyadə çoxdu.

Bu yaxınlarda mətbuatda, internet sayıtlarında Naxçıvan Ali Məclisinin sədri, cənab Vasif Talıbovun oxunması vacib bilinən kitablarla bağlı bir sərəncamı oldu. Söz var deyir: “İlan hər yerdə əyri gedər, öz yuvasına düz”. Əslində bu misalın lətifəsi olmasın, son vaxtlar bizi əyri yollara səmtləndirmək istəyənlər nə qədər desən çoxdu. Cənab Vasif Talıbovun bu geniş şəkildə yayılan sərəncamı öz yuvamıza heç olmasa düz girib çıxmağa, bir işarədi, bir yönləndiricidi. Həqiqətin bir üzü var. Haqqa gedən yol birdi. Şeytana gedən yollar bəlkə də çoxdu. Şeytana gedən yollardan haşa. 

Vasif müəllimin bu sərəncamı gecə qaranlığında çaxan bir şimşək effekti verdi. Qaranlıq ən azı belə demək mümkünsə səksəndi. Bu da çox sevindirici haldı. Söhbət ondan getməməlidi ki, oxunması vacib bilinən, ancaq sərəncamda verilən əsərlərdi, bu cür qavrama yerindən yanlışdı. Təbii ki, dünya binyət olandan hər xalq öz maddi və mənəvi incilərini yaradıb dünyanın ixtiyarına verib. O da var ki, nə qədər çox bilsən, o qədərsən. Bir də deyirəm; bu o demək deyil ki, məsələn Mirzə Cəlilin adı çəkilən hekayəsindən başqasını oxumağa ehtiyac yoxdu. 

Bu sərəncam cəmiyyətə bir ismarıcdı, bir mesajdı. Böyük maddi-mədəni irs qoyan, tarixini şərəfləndirən bir xalq kimi bu gün mütaliədən uzaqlaşmağımız kökdən-köməcdən gen düşməyimiz ağrılı məsələdi. Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovun imzaladığı bu sərəncamın əhəmiyyəti misilsizdi, bütün bölgələrimizə aidiyyatı çoxdu. Ən azından müəllimlərimizə, məktəblərimizə, şagirdlərimizə bir düz yol göstərmədi.

Yadımda təxminən belə qalıb, hardasa, hansı ölkədəsə yüksək vəzifə tutmaq istəyənlər ana dilindən imtahan verir. Şəxsin dünyəvi və ictimai bilik səviyyəsi yoxlanılır.

Bu gün bizlərin buna çox ehtiyacı var. Vasif müəllimin bu sərəncamı dövləti və tarixi əhəmiyyət kəsb edir. Yerində atılmış, alqışlara layiq bir addımdı.

Unutmayaq ki, yüksək hisslər aşılayan bədii ədəbiyyatın oxunuşu həm də beynin gimnastikasıdı. Həm də təkcə bu deyil.  

Tahir Talıblı

Əməkdar jurnalist