Azərbaycanda baş verən iki devalvasiyadan sonra bazarlarda qiymət mövzusu tez-tez gündəmə gəlir.
Azərbaycanda baş verən iki devalvasiyadan sonra bazarlarda qiymət mövzusu tez-tez gündəmə gəlir.
2015-ci ilin 21 fevralında baş verən birinci devalvasiya zamanı dolların məzənnəsi 0,78 qəpikdən 1,05 qəpiyə yüksəldi. Elə həmin ilin 21 dekabrında növbəti devalvasiya baş verdi və dolların məzənnəsi bu dəfə 1,55 qəpiyə qədər qalxdı. Bundan sonra kəskin olmasa da, bir neçə dəfə devalvasiya qeydə alındı və nəticədə dollar 1,80 qəpiyə qədər bahalaşdı.
Bu ilin əvvəlindən isə dollar-manat nisbətində revalvasiya başladı, yəni dollar manata qarşı ucuzlaşdı. Lakin məzənnənin əvvəlki həddə qayıtması qeydə alınmadı. Ümumilikdə dolların 114 faiz bahalaşdığı bir dönəmdə müxtəlif istiqamətlərdə də qiymət artımları qeydə alındı. Bəzi məhsullar üzrə göstəricilər belədir:
Çörək-67 %
Ət-57 %
Yumurta -0 %
Toyuq əti-73-75 %
Şəkər tozu-60 %
Un-56 %
Duru Yağlar- 31 %
Düyü-50 %
Çay-18-23%
Qarabaşaq-43 %
Makaron-35 %
Uşaq qidası- 52 %
Karamel və Şokolad- 33-36%
2016-cı ilin sonunda və bu ilin əvvəlində ABŞ dollarının manata olan məzənnəsi hətta 1.95 həddinə qədər gəldi. Bu zaman idxala bağlı olan məhsulların da qiymətlərində təbii artım müşahidə olundu. Zaman keçdikcə məzənnə düşərək 1.80 həddinə qədər çatdıqda buna müvafiq olaraq idxala bağlı məhsulların qiymətlərində də enmə qeydə alındı. Bu, təbii prosesdir. Belə ki, müşahidələrə görə, son 2 ayda pərakəndə satış nöqtələrində təxminən 2800 adda məhsulun qiymətlərində endirim qeydə alınıb.
Devalvasiya dövründə qiymət artımları təbii olaraq insanlarda narazılıqların yaranmasına səbəb oldu. Bazarlarda bahalaşma yarandıqda bir çox hallarda ilk olaraq sahibkarlar günahlandırılırdı. Alıcılar istehsalçının, yaxud idxalçının bahalaşmada birbaşa maraqlı olduğunu deyib narazılıq edir. Bəs bazarda qiymət necə yaranır? Sahibkar istehsal, yaxud idxal etdiyi məhsula qiyməti necə təyin edir? Qiymət verilən zaman hansı meyarlara üstünlük verilir: əldə olunacaq mənfəət, bazardakı mövcud şərait, əhalinin alıcılıq qabiliyyəti, yaxud digər amillər daha çox nəzərə alınır?
Yazılmamış qanunlar bazarlara da təsir edir
Bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, sahibkarlar qiymət müəyyənləşdirərkən, üzərlərində yazılmamış qanunların məsuliyyətini daha çox hiss edirlər. Bu sahədə dövlət nəzarəti də olmamış deyil. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin süni artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlər reallaşdırır. “Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir” – deyə qurumdan sorğumuza cavab olaraq bildirilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yaranan sahibkarlığın inkişafı bir sıra problemlərlə üz-üzə qaldı. İstər qanunvericilik bazasının təkmilləşməsi, istər bazarın formalaşması xeyli vaxt aldı. Bu gün artıq elə bir mərhələyə gəlib çatmışıq ki, ölkədə sahibkarlıq üçün kifayət qədər münbit şərait var. Qanunvericilik bazası demək olar ki, tam təkmilləşib, struktur formalaşıb. Hər şey yoluna düşüb və bir inkişaf gedir. Son zamanlarda prezidentin sahibkarlığın inkişafı üçün atmış olduğu addımlardan, verdiyi qərarlardan isə hamı xəbərdardır, effektini də görürük. Amma çatışmayan məqamlar da var. Bunlardan biri və ən başlıcası isə əhalinin məlumatlılıq səviyyəsidir. Hər tərəf, həm sahibkarlar, həm dövlət öz üzərinə düşən işi görür, lakin bəzən xalq bundan ya tam xəbərsiz olur, ya natamam məlumata malik olur, yaxud da neqativ məlumatlarla qidalanır. Ona görə də insanlarda sahibkarlara, iş adamlarına qarşı fərqli münasibət yaranır. Çox adam elə fikirləşir ki, sahibkarlar ancaq özləri haqda düşünürlər, əhalini nəzərə almırlar.
Bu durum təbii olaraq çaşqınlıq yaradır.
Rəqabət – qiymətdə də, keyfiyyətdə də rəqabət…
Azərbaycan artıq planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçib. Bazar iqtisadiyyatının isə tələbi budur: qiyməti və keyfiyyəti bazar müəyyən edəcək. Yəni məhsulun keyfiyyətini və qiymətini bazarda mövcud olan rəqabət mühiti də tənzimləyir desək, yanılmarıq. Qiymətin süni artırılması o deməkdir ki, sahibkarın bazara çıxardığı məhsul rəqib mallarla müqayisədə baha olacaq və bu zaman rəqabətə dayanıqlı olmayacaq. Eyni amil məhsulun keyfiyyətində də özünü göstərir.
Təbii ki, keyfiyyətə nəzarət üçün dövlətin müvafiq strukturları var və nəzarət edilir. Qiymətdə isə əsas rəqabət prinsipi ortaya girir. Rəqabət nə qədər sağlam olarsa, qiymətlər də o qədər uyğun və müvafiq olacaq. Rəqabət mühitinin normal olduğu bazarda heç bir şirkət davamlı olaraq özünün mənfəətini fikirləşməyəcək.
Marketoloqlar bildirirlər ki, bazarda görülən işlər haqda əhalinin məlumatsızlığı problemlər yaradır. Azad bazar iqtisadiyyatı şəraitində qiymətlər bahalaşar da, ucuzlaşar da. Lakin təəssüflər olsun ki, bir çox hallarda vətəndaşlarımız bu proseslərdən bixəbər formada sahibkarları hədəf kimi görürlər. Devalvasiyanı nəzərə alaraq malların qiymətlərinin artması normal və sağlam prosesdir. Sağlam olmayan odur ki, devalvasiya olub, amma tutaq ki, hansısa idxal olunan mal bahalaşmayıb. Bu, hansısa çatışmazlıqdan xəbər verir və araşdırılmasına ehtiyac var. Araşdırmalar göstərir ki, bu gün bazarda üstünlüyü idxal məhsulları daşıyır. Onun da qiymətinin 80 faizə qədərini alış qiyməti təşkil edir. Alış qiyməti, gətirilməsi, ödənilən rüsum və s. valyutaya bağlıdır. Devalvasiya birinci növbədə bu tipli mallara təsir edir.
Alıcı həmin alıcıdır, amma…
Azərbaycanda baş verən devalvasiyalardan sonra bazarın araşdırılması zamanı ortaya çıxan vəziyyət göstərir ki, alıcının alım gücü dəyişməyib. Yəni məhsulun alış dəyəri artıb, amma alıcılıq qabiliyyəti sərbəst qalıb.
Təcrübə göstərir ki, əgər Azərbaycan bazarlarında əvvəlki kimi güclü inhisar olsaydı o zaman qiymətlər lap yüksəyə qalxardı. Bir çox rəylərə görə, bugünkü “qiymətlər çox bahalaşıb” fikri o qədər də reallığı əks etdirmir. Əksinə, “qiymətlər bahalaşmasaydı şübhə yaranardı ki, xeyir ola, niyə bahalaşma yoxdur” deyə düşünülərdi. Əslində bu cür fikirlərin düzgün olduğunu deməyə əsas da var. Əgər hansısa sahibkar bazara çıxardığı malın qiymətini artırmırsa, ona haqlı olaraq belə bir irad tutmaq mümkündür: Demək keyfiyyətsiz mal gətirirsən, o səbəbdən qiymətləri qaldırmamısan.
Elə mallar da var ki, onların qiyməti yerli bazardan asılı deyil. Məsələn, bəzi məhsullar üzrə aparılan araşdırmalar göstərir ki, onun yerli istehsal hissəsi daha çox bahalaşıb, idxal olunan hissəsi az. Mütəxəssislər bunun da səbəbini izah edirlər: Məsələn, A ölkəsində Z məhsulu istehsal edən zavod böyük çevrə üçün xidmət edir, orda istehsal olunan məhsulun maya dəyəri aşağıdır. Məlum olduğu kimi, istehsal rəqəmi nə qədər çox olsa, maya dəyəri o qədər az olur. Amma Azərbaycanda həmin Z məhsulunu istehsal edən zavod balaca bazar üçün çalışır və istehsal rəqəmi az olur, ona görə də maya dəyəri yüksəkdir. Bu səbəbdən də yerli istehsal məhsulunun qiyməti bəzən daha yüksək olur. Bu zaman isə təbii olaraq yerli istehsalçılara dəstək məsələsi gündəmə çıxır ki, AFN-in bu haqda da xüsusi yazısı olacaq.
Ekspertlərlə söhbətdən və bazarda aparılan müşahidələrdən belə məlum olur ki, əvvəla, qiymət artımı devalvasiyaya qədər olmayıb, qiymətlər bazarda alıcının imkanına uyğun olub. Bunun da səbəbləri şəffaflıq və rəqabət mühitinin olmasıdır deyə mütəxəssislər bildirirlər. Yəni hazırda Azərbaycanda elə bir bazar formalaşıb ki, sahibkar istəsə belə yüksək qiymət tətbiq edib daha çox mənfəət əldə edə bilməz.
İkincisi, yerli istehsal məhsullarında artım çox cüzi olmalı idi, bunun da olmamasının səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, yerli istehsalçıların bu gün ciddi köməyə, dəstəyə ehtiyacının olmasıdır.
Həbibə ABDULLA