Bayraq, gerb, himn dəyişdirilməyəcək – Hörmətsizliyə görə isə cəzalar sərtləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni qanun layihəsinin hazırlanması istiqamətində parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində iş aparılır
 Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına ” Dövlət bayrağı haqqında”, ” Dövlət gerbi haqqında” və ” Dövlət himni haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi daxildir.

1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, “Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, Konstitusiyanın tələbini yerinə yetirmək üçün “Dövlət rəmzləri haqqında” yeni qanun layihəsi hazırlanır.

Yeni qanun layihəsinin hazırlanması istiqamətində parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində iş aparılır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bildirib ki, ali, icraedici və digər orqanlarda dövlət bayrağının, dövlət gerbinin, dövlət himninin dəyişdirilməsi haqqında məsələ müzakirə edilmir.

“Bu dövlət atributlarının Konstitusiyaya bərabər qanunla tənzimlənməsi istiqamətində işlər aparılır. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, “Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir”.

Deputat bildirib ki, dövlət bayrağına, dövlət gerbinə, dövlət himninə hörmətsizlik edənlər barədə yeni qanun layihəsində müəyyən məsuliyyət nəzərdə tutulacaq.

“Həmçinin, bununla bağlı Cinayət, İnzibati və digər məcəllələrdə əlavələr ediləcək. Ümumi məsuliyyət məsələsi ortaya qoyulacaq və bununla bağlı digər qanunvericiliklərdə dəyişikliklər edilə bilər”.