Bayram ümidi… (Kiçik Hekayə)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Artıq neçə gün idi ki, Məşədi Kazımın evində uşaq ağlamağının ardı-arası kəsilmirdi. Bu onun kiçik övladları Əli və Vəli idi. Yeni ilin gəlməyinə az qalsa da, Məşədi Kazımın evində hələ də yolka qurulmamışdı. Əli ilə Vəli əvvəlki bayram gününün ertəsi yolkanın ətrafında oynayan zaman, atalarının üç il öncə aldıqları yolkanı qırmışdılar.
Keçən il getdiyi Məşhəd ziyarətindən sonra nə qədər evdə desə də ki, bu bayram Urusdarın, Xristianların bayramıdır, xeyri olmamışdı. Farslar demiş çi fayda. Bütün qonşularda artıq neçə gün idi yolka qurulmuşdu. Amma, Məşədigil bu imkandan məhrum olmuşdular. Əslində Məşədi Kazımın əlində bir az pul var idi. Lakin, onu bayram alış-verişinə saxlamışdı. Axırda qərar verdi ki, sabah sübh tezdən tək ümidi olan aman -zaman eşşəyini bazarda satıb evə yolka alsın. Bu xəbəri eşidən Əli ilə Vəli gecə yarısınadək yatmayıb sevinclərindən oynadılar…
…. Məşədi Kazım artıq vərdiş etdiyi kimi sübh namazından yarım saat öncə ayıldı. Həyətə çıxıb dəstəmaz aldı, iki rükət sübh namazı qılaraq, çoxlu dualar etdi. Evdən çıxmazdan öncə Əli ilə Vəlinin yataq otağına girdi. Yarı sevinc, yarı kədər dolu baxışlarla dünyanın bütün dərd-sərindən xəbərsiz, mışıl-mışıl yatan oğullarına baxdı və əyilib səssizcə onların yumru yanaqlarından öpdü…
… Məşədi Kazım həyətə çıxanda hələ hava tam işıqlaşmamışdı. Asta-asta tövləyə tərəf getdi. Tövlənin qapısı qeyri-təbii vəziyyətdə yarıaçıq qalmışdı. Tələsik tövlənin içinə girəndə gözlərinə inanmadı. Tək ümidi olan eşşəyini gecə oğurlamışdılar…
İlkin Quliyev