Dünən “Gənclik Mall” ticarət mərkəzinin “Cinemaplus” kinoteatrında rejissorluğunu Toğrul Məmmədovun etdiyi “Bayram axşami” komediya filminin təqdimatı keçirilib.
Dünən “Gənclik Mall” ticarət mərkəzinin “Cinemaplus” kinoteatrında rejissorluğunu Toğrul Məmmədovun etdiyi “Bayram axşami” komediya filminin təqdimatı keçirilib.
TİA.AZ xəbər verir ki, “M Group Production”ın yeni layihəsi – “Bayram” tammetrajlı bədii filmi həm şirkətin ilk kinematoqrafiya işi, həm də gənc rejissorun debütü olub.
Toğrul Məmmədov təkcə rejissorluq vəzifəsini öz üzərinə götürməyib, həm də Fariz Əliyev və Cəmil Məmmədli ilə əməkdaşlıq nəticəsində filmin ssenari müəllifi kimi çıxış edib. Layihənin prodüseri, “M Group Productionun” rəhbəri və Azərbaycanın əməkdar artisti Murad Dadaşov isə filmdə epizodik rollardan birini oynayıb. Lakin M.Dadaşovu “Bayram axşamı”nda tamam fərqli obrazda idi. Belə ki, sevilən aparıcı bu dəfə özünü mənfi qəhrəman rolunda sınayıb. O, Publika.az-a verdiyi açıqlamasında bildirib ki, mənfi rolda çəkilmək onun çoxdankı arzusu olub və nəhayət ki, arzusunu reallaşdıra bilib.
Prodüser Murad Dadaşov filmin çox bahalı olduğunu xüsusi vurğulayıb:
“Film Novruz bayramında baş verən hadisədən bəhs edir. Film Bayram adlı uğursuz bir oğlanın gül şirkətin sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram bütün həyatı boyu başına gələn uğursuzluqlardan xilas olmaq üçün son çarəni tonqal üstündən tullanmaqda görür. Çünki Novruz bayramı ənənəsinə görə, tonqaldan tullananan zaman dilədiyin bütün arzular yerinə yetir. Lakin məlum olur ki, arzu tutarkən ehtiyatlı olmaq lazımdır. O, tonqaldan tullandıqdan sonra evə gəlib yatır və səhəri gün yeni doğulmuş körpəyə çevrilir. Sadəcə başı böyümüş vəziyyətdə qalır. Ümumiyyətlə Bayramla bağlı çoxlu məlumatlar görəcəksiniz. Filmin prodüseriyəm, ancaq maliyyə məsələləri mənə aiddir. “Bayram axşamı” Azərbaycanda çəkilən ən bahalı filmlər sırasına daxildir, kifayət qədər sərmayə qoyulub. Əminəm ki, xərclədiyim məbləği filmdən götürə biləcəyəm. Çünki fərqli və maraqlı bir işdir. Özüm də kiçik bir səhnədə oynamışam. Film yarım il ərzində çəkildi. Bu sahədə ilk işimizdir. Kino sahəsində ilk addımlarımızı atırıq”.
Murad Dadaşov tənqidi sevmədiyini də etiraf edib: “Tənqidi sevmirəm. Çünki kifayət qədər əziyyət çəkirəm ki, işim uğurlu alınsın. Tənqidə özünəməxsus yanaşmam var”.
Filmin baş rol ifaçısı Oksana Rəsulova isə ilk dəfə komediya filmində oynadığını deyib: “Çox həyacanlıyam və ilk dəfədir ki, komik obraza çəkilirəm. Komediya çox çətin janrdır. İnsanları güldürmək həqiqətən də çətindir. Obrazımın adı Firəngizdir. Bayram adlı oğlanı sevir. Bayramı obrazını isə İslam Mehrəliyev canlandırır. Cəmiyyət Bayramı qəbul eləmir, amma mən onu qəbul edirəm. Başına böyük faciə gəlir. 30 yaşlı Bayram altı aylıq uşaq olur. Firəngiz sevgilisi üçün fədakarlıqlar edir. Çox gülməli filmdir”.
Oksana filmdən əldə etdiyi qonararının yüksək olduğunu və qane qaldığını da vurğulayıb.
Qeyd edək ki, filmdə qabaqcıl texnologiyalardan istifadə etməklə keyfiyyətli iş ortaya qoyulub, orijinal məzmun və yumor, eləcə də aktyorların oyunu tamaşaçılara bütün gecə boyu çoxlu müsbət emosiyalar yaşadıb. Novruz bayramına həsr olunmuş filmdə mürəkkəb qrafika işləri və müasir kompüter işlənməsi, yeni texnologiyalardan istifadə olunub. Çünki demək olar ki, bütün film ərzində İslam Mehrəliyevin canlandırdığı Bayram obrazını yeni doğulan körpə kimi göstərmək lazım gəlirdi.
Film tamaşaçılar tərəfindən də gurultulu alqışlarla qarşılanıb. Yaradıcı kollektiv alqışlara görə, minnətdarlığını bildirib və komediya filmi həvəskarlarının ürəyincə olacağını inandıqlarını söyləyiblər.
Əsas rollarda əməkdar artist Əkbər Əlizadə və Elxan Quliyev, həmçinin Oksana Rəsulova, İslam Mehrəliyev, Asya Abdullayeva, Cəmil Məmmədli və başqaları oynayıb. Filmdə həmçinin xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Nahidə Orucova, aparıcı Xose Bernardo və müğənni Miri Yusifi çəkilib. Qala gecəsində filmin yaradıcı heyəti ilə yanaşı mədəniyyət aləminin sayılıb-seçilən nümayəndələri də iştirak edib.