ABŞ prezidenti Co Bayden ilin əvvəlində Çinin ABŞ üzərindəki kəşfiyyat balonunun vurulmasına reaksiyası barədə danışarkən Çin prezidenti Si Szinpini diktator adlandırıb.
Tribunainfo.az xəbər verir ki, CNN-in məlumatına görə, o bu barədə çərşənbə axşamı Kaliforniyada çıxışı zamanı bildirib.
“Si Szinpinin iki vaqonluq casus avadanlığı ilə dolu balonunu vurduğum zaman çox üzülməsinin səbəbi onun orada olduğunu bilməməsidir. Bəli, mən ciddiyəm. Nə baş verdiyini bilməyəndə – bu, diktatorların həqiqətən sevmədikləri şeydir”, – Bayden bildirib.
O, bu sözləri Entoni Blinkenin Pekinə səfərindən bir gün sonra, Çin rəhbəri və yüksək vəzifəli şəxslərlə görüşündən sonra deyib. O, son 5 ildə ölkəyə səfər edən ilk ABŞ dövlət katibi olub.
Buna cavab olaraq, Çin ABŞ prezidenti Co Baydenin Çin lideri Si Szinpinin diktator olması ilə bağlı bəyanatını “ictimai siyasi təxribat” adlandırıb.
“Bloomberg” yazır ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin “Bu bəyanatlar absurd və son dərəcə məsuliyyətsizdir” söyləyib.
Onun sözlərinə görə, bu cür bəyanatlar diplomatik protokollara ziddir. Pekin buna etirazını bildirir.
“Bu, əsas faktlara və diplomatik protokollara ziddir, Çinin siyasi ləyaqətini ciddi şəkildə pozur və ictimai siyasi təxribata bərabərdir. Çin öz kəskin narazılığını və etirazını bildirir”, – deyə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.