Xəbər verdiyimiz kimi, İranda yeni hökumətin tərkibi açıqlanıb. Tribunainfo.az xəbər verir ki, prezident Məsud Pezeşkian dünən yeni hökumətin tərkibini təsdiq edilməsi üçün parlamentə təqdim edib.
Yeni hökumətdə Ruhani və Rəisi hökumətlərində təmsil olunmuş 8 nəfər var ki, onların arasında əslən Azərbaycan türkü olan Abbas Ərqaçi və Əmir Nəsirzadə də var. Ərqçinin əslən Ərdəbildən olduğu və Tehranda doğulduğu bildirilir. O, XİN başçısı postuna namizəd göstərilib.
Əmir Nəsirzadə isə Güney Azərbaycanın Sərab şəhərindəndir və hazırda İran Müdafiə Nazirliyi Baş Qərargahının rəis müavinidir. Onu Pezeşkiyan İranın müdafiə naziri görmək istəyir.
Lakin yeni kabinetin açıqlanmasından sonra Pezeşkianın da təmsil olunduğu “islahatçılar” qanadı ilə prezident arasında ixtilaf yaranlıb. Buna səbəb yeni hökumətin tərkibinin onların maraqlarına cavab verməməsi və daha optimal komanda qurulması məsələsində razılaşmanın pozulmasıdır. İslahatçılar bildiriblər ki, Məhəmməd Cavad Zərifin diqtəsi ilə müəyyən edilmiş hökumət, onların deyil, radikal sağın maraqlarına daha çox cavab verir.
Bundan başqa, onlar Zərifin vitse-prezident postundan istefa verməsini və yeni hökumət quruculuğu üçün prosesə başlamağı tələb ediblər.