Deputat Rasim Musabəyovun Başkəndin heç bir “strateji əhəmiyyəti” olmaması və erməniyə bağışlanması ilə bağlı fikirləri haqlı narazılıq yaratdı. Müzakirələrə səbəb olan fikirlər tənqid edilir, millət vəkilinin belə bir açıqlama verməsi biabırçılıq adlandırılıb.
Tribunainfo.az xəbər verir ki, deputatın Başkəndlə bağlı təklifini tənqid edən İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin fikrincə, deputatın bu sayaq açıqlaması iqtidarın istəyi kimi anlaşılır:
“Başkəndi erməniyə verək”, nə deməkdir? Deputatların belə şeylər dilə gətirməsi belə bir fikir yaradır ki, bu, iqtidarın istəyidir. Əslində isə bu, özfəaliyyətdən başqa bir şey deyil. Azərbaycan heç bir halda Ermənistana torpaq verə bilməz. Ən azı ona görə ki, hazırkı Ermənistan Azərbaycan torpaqlarında yaradılıb, özü də süni şəkildə.
Azərbaycan Ermənistandan nə qədər torpaq alsa, azdır. Heç bir halda torpaq vermək olmaz. Xüsusi strateji önəmi olan Başkəndi isə heç vermək olmaz”.
Siyasi şərhçi Turab Rzayev isə bildirib ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, ətrafındakı əraziləri də işğal edərək bizə sülh qarşılığı olaraq Dağlıq Qarabağdan daimi imtina etməyi, Kəlbəcər və Laçını da buraya daxil etməyi şərt qoymuşdu. İndi isə biz bu müharibədə qalib gəlmişik, Ermənistan biabırçı şəkildə məğlub olub:
“O halda sülh niyə “müftə” olmalıdır. Ermənistan bizim öz ərazimizdə sülh üçün, bizdən Dağlıq Qarabağı, Laçın və Kəlbəcəri istəyirdisə, biz niyə Ermənistanın 29.8 min kvadrat kilometrini tanımaq üçün ən azı Başkəndi istəməyək?!
Nəzərə almaq lazımdır ki, Azərbaycan təkcə qalıb dövlət kimi Başkəndi tələb etmir. Eyni zamanda Qarabağın infrastrukturuna vurulmuş milyardlarla dəyəri olan zərər, Qarabağın ekologiyasına vurulmuş zərər və daşınmış qiymətli metallar və materiallar, müharibə cinayətləri, 30 il ərzində bir milyon qaçqın və məcburi köçkünlərin yaşadığı maddi və mənəvi çətinliklər Ermənistanı müttəhim kürsüsünə əyləşdirmək üçün kifayətdir. Elə təkcə, müharibə səbəbkarı olmaq, təcavüzkarlıq özü maddi, mənəvi və ərazi təzminatı, reparasiya üçün səbəbdir.
Ancaq məhəlli reallığı da nəzərə almaq lazımdır. Ən azından indiki siyasi və beynəlxalq konyuktura yerdə qalan 4 kəndin qaytarılması üçün uyğun deyil. Bunun üçün Ermənistan ilə siyasi, iqtisadi, vətəndaş cəmiyyəti əlaqələrinin inkişaf etməsi, və yaxud beynəlxalq geopolitik vəziyyətin şərtləri bizim xeyrimizə dəyişməsi lazımdır. Bu səbəbdən, bir müddət digər 4 kənd və Başkənd məsələsinin əsas müzakirə mövzusu olmayacağını düşünürəm”.
Siyasi analitik Məhəmməd Əsədullazadə də bildirib ki, Başkəndi Sovet Rusiyası 1920-ci illərdə Azərbaycandan alıb Ermənistana verib:
“Gədəbəyin inzibati ərazi vahidinə aid olan Başkəndə ermənilər 1859-cu ildə Qarabağdan köçüb. 1920-ci illərdə sovet Rusiyası Başkəndi Azərbaycandan alıb Ermənistana verib. Məhz Zəngəzur da 1920-ci illərdə Ermənistana verilib. Sovet hakimiyyəti illərində Başkənd Ermənistan SSRİ Azərbaycan ərazisində anklavı olub. Təkcə Başkənd deyil, Göyçə, Zəngəzur da Azərbaycan əraziləridi.
Başkəndlə bağlı cənab prezident İlham Əliyev də anklav olduğunu qeyd etmişdi. Əgər 1991-ci ilə kimi xəritələri götürürüksə hüquqi cəhətdən anklavdı. Amma Ermənistanın Azərbaycana qarşı 30 il ərzində işğal, vandalizm, etnik təmizləmə siyasəti böyük maddi və mənəvi zərbə vurub.
Ermənistan tərəfi bu nöqteyi nəzərdən Başkəndə ərazi iddiası ilə çıxış edə bilməz. Keçmiş sovet Rusiyası rəhbərliyi Azərbaycanın iradəsinə zidd olaraq Başkəndi Ermənistana anklav kimi verib. Hazırda Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya işləri hüquqi müstəvidə həyata keçirilir. Və bunun üçün Alma-Ati Bəyannaməsinə istinad edilir. İki dövlət arasında anklav kəndlərlə bağlı ortaq məxrəc tapılacaq. Başkənd Gədəbəyindi və ermənilərin ora gəlməsi qanunsuz olub”.
Nigar