“Baş redaktorlar köşə yazarlarına az qonorar ödəyirlər”

“Baş redaktorlar köşə yazarlarına az qonorar ödəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Seymur Verdizadə: “Türkiyədə aparıcı köşə yazarlarının hamısının köməkçisi var. Bizdə isə köşə yazarı özü kiminsə yanında köməkçi işləyir ki, ayın axırında evinə beş manat pul aparsın”.
Turkustan.info xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış köşə yazarı Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, köşə yazarı daim öz üzərində işləməli, mütaliə etməli, regionda və dünyada baş verən yeniliklərdən xəbərdar olmalıdır: “Bəlkə də sizə qəribə gələcək, bir köşə yazmaq üçün bəzən bir kitab oxumalı olmuşam. Qonşu ölkələrdə köşə yazarları jurnalist həmkarlarından beş dəfə yaxşı yaşayırlar. Azərbaycanda isə köşə yazarları digər həmkarları ilə müqayisədə iki-üç dəfə çox işləyirlər. Müəllif tanıyıram ki, səhər Fəzail Ağamalının, günorta isə Elza Seyidcahanın mətbuat konfransına gedir. Axşam əldən düşəndə isə kompüterin qarşısında əyləşib köşə qaralamaq məcburiyyətində qalır. Amma Türkiyədə aparıcı köşə yazarlarının hamısının köməkçisi var. Bizdə isə köşə yazarı özü kiminsə yanında köməkçi işləyir ki, ayın axırında evinə beş manat pul aparsın. Təvazökarlıqdan uzaq olsa da demək istəyirəm ki, Azərbaycanda ən yüksək qonorar alan üç-dörd köşə yazarından biri mənəm. Amma aldığım qonorar ailəmin dolanışığına bir həftə bəs eləmir. Buna görə də köşə yazmaqla yanaşı, QHT sektorunda fəaliyyət göstərir, kitab redaktəsi ilə məşğul oluram. Köşə yazarı da var ki, məişət problemlərini həll etmək üçün ağır fiziki işlə məşğul olur. Hansı ki, köşə yazarı daş daşımamalı, palçıq qarışdırmamalı, suvaq vurmamalıdır. Köşə yazarının əlindəki yeganə alət qələm olmalıdır”.
JAM sədri deyib ki, köşə yazarlığını dəbə çevirmək olmaz: “Yalnız müəyyən həyat təcrübəsi, analiz qabiliyyəti, intellekti olan adam köşə yaza bilir. Köşə yazarı mövzunu həyatın içindən tapmağı bacarmalıdır. Ulduzlara baxıb köşə yazan adam uğur qazana bilməz. Köşə yazarı həm də cəsarətli olmalıdır. Lazım gəlsə, axına qarşı üzməyi bacarmalıdır. Kütlənin xoşuna gəlməyə çalışan adam köşə yazarı deyil, ancaq bayağı müğənni ola bilər”.