Baş Prokurorluq Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi haqda məktub yazıb. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün.
Xəbər verdiyimiz kimi, Qalib Salahzadə barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır. O, vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir.
Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Ötən sayımızda məlumat vermişdik ki, fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.
Hazırda Hacı Qalib Salahzadədən şikayətçilər 4 nəfərdir. Amma sayın artacağı da istisna deyil.