Baş Prokurorluq Bakıda ailəsinin 5 üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun mediada yayılmış ifadəsi ilə bağlı açıqlama yayıb.
Qurumdan Tribunainfo.az-a daxil olan açıqlamada deyilir:
“Bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun guya məhkəmədə verdiyi ifadənin detalları yayımlanıb. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Qeyd olunan “ifadə”nin məzmunu Əhməd Əhmədovun ibtidai istintaqı aparan Xətai rayon prokurorluğunda dindirilərkən, eləcə də məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılan zaman məhkəmə iclasında verdiyi ifadə ilə eynilik təşkil etmir.
Odur ki, Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi bir daha xahiş edirik”.