Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində həftələrdir polislə etirazçılar arasında davam edən toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb.
Tribunainfo.az “France Press”ə istinadən xəbər verir ki, ötən gün bütün etirazlar dövrü ərzində ən ölümcül gün olub – 94 nəfər həlak olub.
Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.
Etirazlar və nümayişlər “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının avqustun 4-ü hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra daha da güclənib. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib. Etirazçılar vergi ödəməmək və işə getməməklə bağlı çağırışlar edirlər.
Etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.
Hökumət Dəkkə və ölkənin digər böyük şəhərlərində yerli vaxtla saat 18.00-dan növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq edib.