Tikinti firmaları və banklar əlbir olublar, yüksək faizlə 20-25 illik kreditə ev satırlar. Bu da gəncliyin ömrünü yeməkdir. Aylıq ödəniş də 1200-1500 manatdan başlayır. Hansı ailə bunu ödəyə bilər?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, əvvəla nəzərə almaq lazımdır ki, Azərbaycan sosial dövlət deyil. Sosial dövlət konstitusiyasında təstiq olunmuş dövlətin vəzifələrini müəyyən edən bir ifadədir. Yəni bu ölkələr sosial dövlət adlanır ki, onlar vətəndaşların sosial tələbatlarını birtərfli qaydada öz üzərinə götürür və mənzil, iş verir.
Onun sözlərinə görə, konstitusiyada Azərbaycan sosial dövlət olmadığına görə biz hökumətdən vətəndaşlara pulsuz mənzil verilməsini və yaxud dadigər sosial ehtiyaclarını ödəməsini birbaşa tələb edə bilmərik.
“Bütünlükdə hökumət müəyyən güzəştlər edə bilər. Mən vaxtilə ucuz evlər layihəsi təklif etmişdim. Yoxsulluğun aradan qaldırılmasının yollarından biri kimi ucuz evlərin verilməsini təklif etmişdim. Çox təəssüf ki, Azərbaycanda mövcud ölkə rejimində bu təklif işləmədi. Sosial evlər tikildi amma pulu, imkanı olan adamlar ondan istifadə etdi. Amma hər bir adam öz ailə büdcəsinə uyğun mənzil ala bilməlidir. Əgər bir adamın ayda 2000-3000 manat pul ödəyib ev almaq imkanı yoxdursa təbii ki, o daha ucuz ev almalıdır”.
Dəniz Pənahova