BANKLAR NİYƏ MƏHKƏMƏYƏ VERİLİR? “ƏMANƏTLƏR QAYTARILMIR, KARTDAN VƏSAİT ÇƏKİLİR…” – EKSPERT

BANKLAR NİYƏ MƏHKƏMƏYƏ VERİLİR? “ƏMANƏTLƏR QAYTARILMIR, KARTDAN VƏSAİT ÇƏKİLİR…” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az-ın araşdırması zamanı məlum oldu ki, ilin elə bir ayı yoxdur ki, banklarla bağlı məhkəmələrdə iddia qaldırılmasın. Hətta ən yaxşı hesab edilən bankın belə ay ərzində ən az 2-3 məhkəmə çəkişməsi olur. Təbii ki, illik məhkəmə çəkişmələrinin sayına görə rekord qıran banklar da var. İl ərzində “Kapital Bank” və “Unibank” bu rekordu təzələyir. Hər iki bankın ay ərzində ən az 400 məhkəmə çəkişməsi olur.

Bu proseslərin əksəriyyətində banklar vətəndaşlara qarşı iddia qaldırıb ki, bu da sözügedən bankların hansı formada idarəedilməsindən xəbər verir. Hər halda, etibarlı bankla vətəndaş arasında kredit problemi yaşanmamalıdır.

Bunu hüquqşünas, bank eksperti Əkrəm Həsənov da təsdiq edir. Tribunainfo.az-a danışan Ə.Həsənov bildirib ki, bu gün məhkəmələrin əksər işləri banklarla bağlı yaranmış problemlər, kredit problemləridir. Bu da bir qayda olaraq bankların borcalanlara qarşı qaldırdığı iddialar üzrədir:

“Ölkədə iqtisadi vəziyyət qənaətbəxş deyil. Məhz bu səbəbdən həm vətəndaşlar, həm də sahibkarlar kreditlərini vaxtı-vaxtında ödəyə bilmir ki, banklar da onları məhkəməyə verməli olur.

Bu qədər məhkəmə prosesinin olması, bankların məhkəmə çəkişmələrinin çoxluğu problemli kreditlərin olmasından qaynaqlanır. Adətən kredit götürən, sahibkar, vətəndaş krediti vaxtında ödəmədiyi üçün bank tərəfindən məhkəməyə verilir. Bu artıq adi hal alıb. Ancaq heç də yaxşı hal deyil.

Bu bankların idarəetmə səviyyəsindən xəbər verir. Yəni banklar kredit verərkən müştərilərin ödəniş qabiliyyətini düzgün qiymətləndirmirlər və kreditin aqibətini düzgün planlaşdırmırlar.
Banklar kredit müqavilələri bağlayarkən diqqətli olmalı, kredit ayırarkən araşdırmalıdır. Bu gün banklar kimə gəldi kredit verir, kredit vermək üçün təkliflər irəli sürür. Araşdırılmadan verilən kreditlərin sonu məhkəmələrlə yekunlaşır”.

Ə.Həsənov bankların ən çox hansı səbəbdən məhkəmələrə verilmə səbəbini də açıqlayıb:

“Vətəndaşlar tərəfindən də məhkəməyə verilən banklar var. Banklar adətən əmanətin geri qaytarılmaması, pul köçürülməsi zamanı yaranmış problem, kartdan vəsait itməsi hallarında məhkəməyə verilir.
Bankların vətəndaşla belə problemi olmamalıdır. Vətəndaşın əmanətini qorumaq bankın borcudur”.