Banklarda manatı xarici valyutaya çevirəndə gəlirin mənbəyini göstərmək tələb edilir. Bunun üçün xüsusi sənəd doldurmağı istəyirlər ki, burada ünvan, iş yerlərinizi də qeyd etməlisiniz.
Bu barədə Tribunainfo.az-a danışan bank eksperti Əkrəm Həsənov bildirib ki, buna səbəb vətəndaşların xarici valyuta almasını azaltmaqdır. Gəlirin mənbəyi, ünvan, iş yeri, maaş kimi özəl məlumatlar tələb edilir ki, vətəndaş bu cür tələbdən qorxsun və xarici valyuta alışından çəkinsin. Çünki vətəndaş bankda başqa əməliyyat aparanda ondan bu barədə məlumatlar soruşmurlar:
“Bir və bir neçə banka əmanət qoyanda heç kəsdən soruşmurlar ki, bu pul sizdə haradandır? Yox, əlbəttə. Sizdən gəlirin mənbəyini ancaq xarici valyuta alan zaman tələb edirlər. Bu xarici valyutanın alınmasını əngəlləməkdir.
Banklar qeyri-rəsmi bir limit müəyyən ediblər – illik 20 min manat. Hər bir vətəndaş il ərzində bundan çox xarici valyuta alanda onu sorğu-sual edirlər. Bunu vətəndaş xarici valyuta almasın deyə edirlər. Əslində limit üçün heç bir əsas yoxdur. Bu limiti hansı qrup müəyyən edib məlum deyil. Belə məlumdur ki, babnklar özləri müəyyənləşdirib. Belə çıxır ki, banklarda belə bir sistem var. Siz manatı xarici valyutaya çevirəndə artıq bank bilir ki, siz il ərzində nə qədər valyuta almısız. Siz digər banka da getsəniz bundan əvvəlki bakda nə qədər valyuta dəyişdirdiyiniz məlum olacaq.
Bu əslində bank sirrinin pozulmasıdır. Bankın nə ixtiyarı var ki, bu məlumatı sistemə daxil edir və digər banklarda görür bunu. Niyə digər banklar mənim bank əməliyyatlarımı görməlidir?. Bu mülki məcəlləyə, banklar haqqında qanuna ziddir. Bankların belə limit tətbiq etməsi tam qanunsuz hərəkətdir”.