Bank və BOKT-lardan pul almaq istəyənlər –  Bu yazını MÜTLƏQ OXUYUN

Bank və BOKT-lardan pul almaq istəyənlər – Bu yazını MÜTLƏQ OXUYUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhalinin banklara olan borcları durmadan artır və bu kreditlərin bir qismi sonradan problemli kreditlərə çevrilir. 2025-ci ilin ilk 5 ayının statistikasına görə, istehlak kreditləri 5,2 faiz, ipoteka kreditləri isə 3,7 faiz artıb. Bu ilin 5 ayını ötən ilin eyni dövrü ilə müqayisə etdikdə isə istehlak kreditlərinin portfeli banklarda 18,7 faiz, ipoteka kreditlərinin portfeli isə 13,1 faiz yüksəlib.

Məsələ ilə bağlı Musavat.com-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ilbəil əhalinin kredit tələbatı artır. Onun sözlərinə görə, bu artım iqtisadiyyatın böyüməsi və əhalinin istehlak səviyyəsinin yüksəlməsi ilə bağlıdır. Daha çox artım isə mənzil bazarında, yəni ipoteka kreditlərinə olan tələbatda müşahidə olunur.

X. Kərimli problemli kreditlərə də toxunub:

“Qeyri-işlək (problemli) kreditlərin sayı Azərbaycanda əsasən istehlak kreditləri üzrə artıb. İlin əvvəlində istehlak kreditlərində problemli kreditlərin payı 2,9 faizdən 3,6 faizə yüksəlib ki, bu da 0,7 faiz bəndi artım deməkdir. İpoteka kreditlərində isə ilin əvvəlindən dəyişiklik müşahidə olunmayıb. İstehlak kreditlərində pisləşmə daha çoxdur.”

Ekspertin sözlərinə görə, banklar vətəndaşlara kredit verərkən onların borclarının gəlirə nisbətinə diqqət edirlər:

“Ay ərzində ödənilən borcun məbləği ailənin orta aylıq gəlirinin 45 faizini keçməməlidir. Xüsusi hallarda bu nisbət 70 faizə qədər arta bilər. Lakin belə hallarda mütləq girov və ehtiyat tələb olunur. Banklar adətən 45 faizə qədər kredit verir, 70 faizə isə xüsusi hallarda və əlavə təminatla razılaşırlar. Mərkəzi Bank da bildirir ki, 45 faizədək borclanma rahatdır, 70 faizədək isə əlavə tədbirlər görməklə mümkündür.”

Xalid Kərimli bildirib ki, banklar son zamanlar davranış əsaslı maliyyələşdirmə (behavioral lending) modelindən istifadə edirlər:

“Vətəndaşların bank kartlarına daxil olan vəsaitlərə, xərcləmə davranışlarına baxaraq, bəzən rəsmi gəlir arayışı tələb etmədən kredit verirlər. Amma belə kreditlərin ümumi portfeldəki payı 10 faizdən çox ola bilməz”.

Ekspert həmçinin Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) yüksək faiz dərəcələrinin səbəblərini də izah edib:

“BOKT-lar depozit qəbul etmirlər və cari hesab qalığı yaratmırlar. Onların əsas maliyyə mənbəyi banklardan aldıqları kreditlərdir. Həmin kreditlərin üzərinə öz xərclərini əlavə edərək müştərilərə verir və nəticədə faiz dərəcələri daha yüksək olur. Üstəlik, BOKT-lara daha riskli müştərilər müraciət etdiyindən risklər də yüksəkdir”.