Bank ombudsmanı: Adı olmayıb, özü olan təsisat – Banklar Assosiasiyası nə işlə məşğuldur?

Bank ombudsmanı: Adı olmayıb, özü olan təsisat – Banklar Assosiasiyası nə işlə məşğuldur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı illərin sonlarında ölkə bank sisteminin inkişafı, onun beynəlxalq standartlara uyğunlaşdırılması və kommersiya bankları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Assosiasiya özünü bank sektorunun “ümumi səsi” və strateji koordinatoru kimi təqdim edir.

Hazırda Assosiasiyanın tərkibinə Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya almış 20-dən çox kommersiya bankı daxildir. Bu təşkilat üzvləri arasında təcrübə mübadiləsi, normativ təşəbbüslərin hazırlanması, təlim və maarifləndirmə işlərinin təşkili, habelə beynəlxalq əlaqələrin qurulması kimi funksiyaları həyata keçirməlidir.

ABA-nın rəsmi missiyası bank sisteminin inkişafına dəstək olmaq, sektorun maraqlarını dövlət orqanları və ictimaiyyət qarşısında təmsil etməkdir. Yəni, Assosiasiya həm banklararası dialoq platforması, həm də dövlət və bank sektoru arasında körpü rolunu oynamaq üçün nəzərdə tutulub.

Təşkilatın strukturunda Direktorlar Şurası, Baş katiblik və bir sıra ixtisaslaşmış ekspert qrupları fəaliyyət göstərir. Bu ekspert qrupları İT və rəqəmsal texnologiyalar, hüquq, maliyyə, risklərin idarə edilməsi, marketinq, insan resursları, audit, müştəri xidməti, əməliyyatlar və digər istiqamətləri əhatə edir.

Prinsipcə, bu qrupların hər biri ölkə bank sistemində mövcud problemlərin analizi, ortaq həll yollarının hazırlanması və bazar standartlarının müəyyənləşdirilməsi ilə məşğul olmalıdır. Hər bankdan bir nümayəndənin iştirakı isə bilik mübadiləsini və kollektiv qərarverməni təmin etməli idi.

Lakin son illərin mənzərəsi tam fərqlidir: Assosiasiyanın rəsmi saytında bu qrupların siyahısı olsa da, onların real fəaliyyəti barədə nə məlumat, nə hesabat, nə də ictimai açıqlama var. Nəticədə, bu strukturların mövcudluğu formal xarakter daşıyır, Assosiasiya isə fəal koordinasiya mərkəzi deyil, simvolik institut təsiri bağışlayır.

ABA və tərkibindəki qrupların fəaliyyətini qiymətləndirən hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov Tribunainfo.az-a açıqlamasında bildirib ki, Azərbaycan Banklar Assosiasiyası bankların lobbi təşkilatıdır və ancaq bankların marağı üçün fəaliyyət göstərir:

“Bu assosiasiya bankların birgə marağını qorumaqla məşğuldur – Mərkəzi Bankın qarşısında, cəmiyyət qarşısında. Onların işi budur. ABA-nın tərkibində fəaliyyət göstərən işçi qrupları da bu məqsədə xidmət edir. Onların məqsədi bankların xeyrinə olan qanunları qəbul elətdirmək, zərərinə olan qanunların qəbuluna əngəl olmaqdır.

Təbii ki, bu işçi qruplarının fəaliyyətini şəffaf adlandırmaq olmaz. Heç şəffaf ola da bilməz. O mənada ki, məqsəd burada ancaq bankların marağını qorumaqdır. Bankların marağını qoruyan bir işçi qrupu necə əhalinin xeyrinə deyil, bankların xeyrinə gördüyü işi açıqlasın? Bu baxımdan onların fəaliyyəti şəffaf deyil.
Əlbəttə, mən bu fəaliyyəti düzgün qiymətləndirmirəm. Hər bir qrupun, hər bir fəaliyyətlə məşğul olanın ictimai birliyi olmalıdır.

Həmçinin Assosiasiyanın tərkibində “bank ombudsmanı” deyilən bir xidmət var. Bu olduqca gülünc bir şeydir. Yəni guya ki, bu “bank ombudsmanı” bank müştərilərini qoruyur. Bu, əsla mümkün olan bir şey deyil. Bu ombudsman Assosiasiyadan maaş alıb banka qarşı çıxan müştəriləri müdafiə edəcək?”

Ə.Həsənov bildirib ki, Assosiasiya heç vaxt müştərinin, hətta dövlətin marağına xidmət edə bilməz:

“Bu Assosiasiya və onun tərkibindəki işçi qrupları üçün birinci bankların marağı gəlir. Bir faktı deyim sizə: 2023-cü ildə nəhayət ki, istehlak kreditlərinin verilməsi Mülki Məcəllədə tənzimləndi. Yəni, deyildi ki, vətəndaşlara bank kredit verərkən hansı tələblərə riayət etməlidir. 2023-cü ilə qədər belə tələblər yox idi. Həmin layihəni 2014-cü ildə mən hazırlamışdım, alman professoru Peter Krepslə birgə. Bu, 9 il sonra qəbul olundu. Buna kim mane olurdu bəs? Əlbəttə ki, Azərbaycan Banklar Assosiasiyası.
Halbuki bu layihəni hökumət, hökumətin əksər qurumları bəyənmişdi. Amma Assosiasiya buna qarşı idi, imkan vermirdilər layihənin qəbuluna. 9 il də bu layihənin qəbuluna qarşı mübarizə apardılar.
O Assosiasiyanın tərkibindəki işçi qruplarının faktiki heç bir işi-gücü yoxdur. Sadəcə bankların marağına uyğun olmayan nəsə olanda o qrupa tapşırırlar ki, bu işi həll edin, bankların marağını qoruyun.”

Gülşən Rəsul