“Bank of Baku” III rübün maliyyə nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin hesabatda bankın durumu müsbət səciyyələndirilsə də, əslində, bir sıra parametrlərdə vəziyyətin heç də yaxşı olmadığı aydın görünür.
Belə ki, bank faiz gəlirlərinin 112,6 milyon manat təşkil etdiyini qeyd edib. Lakin bankın faiz xərcləri də 39 faiz artaraq, 40,7 milyon manata çatıb. Bank bu artımı depozitlər üzrə faizlərin artması ilə əlaqələndirib.
Paralel olaraq, hesabat dövründə “Bank of Baku”nun qeyri-faiz gəlirləri 13 milyon manat olsa da, xərcləri isə 61,7 milyon manata çatıb.
Maraqlı məqamlardan biri də odur ki, “Bank of Baku” 6,5 milyon manat mənfəət vergisi ödənişindən sonra III rübü 20 milyon min manat xalis mənfəətlə başa vurduğunu qeyd edib. Amma cəlb edilmiş kreditlərə görə faiz xərclərində inanılmaz artım baş verib. Məlum olub ki, keçən il 860 milyon manat faiz xərci olan bank, bu il həmin öhdəliyi 1.2 milyard manata qədər artırmaq məcburiyyətində qalıb. Yəni, “Bank of Baku” maliyyə durumunu düzəltmək, böhrandan çıxmaq üçün əlavə kredit götürməli olub. Bu isə bir ildə 440 milyon manat əlavə kredit almaq deməkdir.
Qəribədir ki, bank bu məlumatı cədvəl şəklində paylaşsa da, məsələni əsaslandırmayıb. Qarşı tərəfi də dinləməyə hazırıq.