“Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək:
“Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq”.
V.Misirov qeyd edib ki, gələn həftə “Abituriyent 4” jurnalı çap olunacaq:
“Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq”.
DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir:
“Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq”.
Qeyd edək ki, artıq bir neçə gündən sonra ixtisas seçimi başlayacaq.
Hazırda abituriyentləri düşündürən əsas məsələ odur ki, keçid ballarında dəyişiklik əsasən hansı qruplarda ola bilər və burada azalma, yoxsa artım özünü göstərəcək?
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, məsələyə bir prizmadan baxmaq düzgün olmazdı:
“Nəzərə alsaq ki, bu il Azərbaycanda 3 universitet fəaliyyətə başlayacaq. Onlardan biri Qarabağ Universitetidir ki, 1200 nəfərə yaxın tələbə qəbul edəcək. Eləcə də Azərbaycan-Türkiyə və İtaliya-Azərbaycan birgə universitetinin də açılması nəzərdə tutulur. Həmçinin əlavə plan yerləri artırılıb. Doğrudur, bu il nəticələr yüksəkdir. Ancaq nəticələrin yüksək olması hər zaman balların artması kimi başa düşülməməlidir.
Hazırda görürük ki, III ixtisas qrupunda ballar yüksəkdir. Ancaq hüquq, dövlət və ictimai münasibətlərdə, universitet olaraq BDU, Prezident yanında Dövlət İdarəçilik Akademiyası kimi yerlərdə balların qalxmasında təsirlidir. Bundan başqa IV qrupda abituriyent əsasən tibb sahəsinə üstünlük verir. Azərbaycan Tibb Universitetində balların artması nəzərdə tutulur.
Digər artım kimi V ixtisas qrupunda bunun şahidi olacağıq. Amma deyə bilmərik ki, filan ixtisasda bal qalxacaq. Plan yeri 60 yerdisə 400, yaxud 200 bal toplayan da qəbul olmalıdır. Ümumilikdə isə “bu il ballar artacaq” fikri abituriyentdə çaşqınlıq yaratmamalıdır.
Ancaq hər bir halda balların yüksək olduğunu görə biləcəyik. Məsələn, gözləyirik ki, II qrupda ballar stabil qala bilər. Bundan başqa V qrupda İdman Akademiyası, dizayn kimi ixtisaslarda balların artımını müşahidə edə bilərik.
Bundan əlavə “Abituriyent 4” jurnalı hələ çap olunmayıb. Burada plan yerləri, ixtisasların ödənişləri və kodları qeyd edilir. Biz o plan yerlərinə müqayisədə baxacağıq ki, nə qədər artım baş verib.
Məsələn, hər hansı ixtisasın plan yeri 20-dirsə, nəticədə 40-a qaldırılıbsa demək ki, burada balda düşmə ola bilər. Yaxud 20 olduğu halda 10-a endirilibsə, demək balda qalxma ola bilər. Hazırda “Statistika jurnalı” dərc olunmayıb.
Burada 400-450 arası bal toplayanlar qeyd olunur ki, bu il və ötən il nə qədərdir. Müqayisəli təhlili gördükdən sonra konkret bir fikrə gələ biləcəyik. Bu yaxın günlərdə həmin jurnallar nəşr olunacaq. İxtisas seçimləri də 9-19 avqust tarixləri arası aparılacaq”.