“Balaxanı Operating Company”da iki qanun pozuntusu

“Balaxanı Operating Company”da iki qanun pozuntusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zabrat gölünü doldurduğu üçün cərimələnən “Balaxanı Operating Company” təkcə ətraf mühiti deyil, işçi hüquqlarını da pozurmuş.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən su obyektlərində həyata keçirilən nəzarət tədbirləri nəticəsində “Balaxanı Operating Company” LTD şirkətinin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb.

Tribunainfo.az xəbər verir ki, SİMDNX-nın yaydığı rəsmi məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün qəsdən doldurulması əməliyyatı həyata keçirilib. Bu qanunsuzluqla bağlı akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub və digər sübutlarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarına əsasən, “Balaxanı Operating Company” LTD 7500 manat məbləğində inzibati cərimə ilə cəzalandırılıb.

İş bununla bitmir: Şirkətə qarşı maaş narazılıqları və hüquqi mübahisələr də mövcuddur.

Məsələ təkcə ətraf mühitin pozulması ilə məhdudlaşmır. İnternetdə və sosial şəbəkələrdə “Balaxanı Operating Company” LTD ilə bağlı bir sıra digər narazılıqlar və şikayətlər də yayılıb.

Əməkhaqqı ilə bağlı narazılıqlar: Facebook sosial şəbəkəsində və bəzi şikayət platformalarında istifadəçilər bildirirlər ki, şirkət işçilərin maaşlarını gecikdirir və ya tam ödəməkdən imtina edir. Bu vəziyyət uzun müddətdir davam edir və işçilərin sosial müdafiəsi ciddi şəkildə sual altına düşüb.

Hüquqi mübahisələr də az deyil: Yasamal rayon Məhkəməsində şirkətlə bağlı aparılmış hüquqi proseslərdən birində 7 dəfə iclas keçirilsə də, yekun qərar verilməyib. Şikayətçi tərəf bildirir ki, şirkət qarşı tərəfin haqlı tələblərinə məhəl qoymur, prosesin uzanmasında maraqlıdır.

Beynəlxalq tənqidlər:

İnsan hüquqları və ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı bəzi neft sektorunda çalışan şirkətlər — o cümlədən “Balaxanı Operating Company” — işçi hüquqları, əməyin mühafizəsi və ekoloji standartlara laqeyd münasibət səbəbilə tənqid olunub. (Mənbə: Business & Human Rights Resource Centre).

Görünür şirkət həm qanunları, həm işçi hüquqlarını pozmaqdan nə narahat olur, nə də məsuliyyət hiss edir.

Sözügedən şirkətin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul