Balababa Rzayev 50 milyonluq tenderi bu şirkətə verib – Detallarbackend

Balababa Rzayev 50 milyonluq tenderi bu şirkətə verib – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti daha bir milyonluq tenderini yekunlaşdırıb. Tribunainfo.az xəbər verir ki, qurum 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınmasını həyata keçirməyə hazırlaşır.
Bildirək ki, bu tender üzrə satınalma müqaviləsi “SMART ENERGY SOLUTİONS” QSC arasında imzalanıb. Layihənin dəyəri isə 4.681.782,7 manat təşkil edir.
Qeyd edək ki, bu, “Azərenerji” ilə “Smart Energy Solutions” arasında ilk sövdələşmə deyil. Hələ 2022-ci ildə sözügedən tərəflər bir neçə iri tenderdə də anlaşıblar. Məsələn, “Azərenerji” ASC müxtəlif növ naqil və kabellərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderi sözügedən MMC udub. Bunun müqabilində dövlət qurumu şirkətlə 3 milyon 471 min manatlıq müqavilə imzalayıb.
Elə həmin il “Azərenerji” ASC “Müxtəlif növ yuva, panel, ayırıcı və açarların satınalınması” tenderini də keçirib. Bu dəfə isə “Smart Energy Solutions”a 2 906 314 manat ödənilib.
Elə Zaqataladakı 110/35/10 kV-luq yarımstansiyasının yenidən qurulması, 35 kV-luq “Güləbird” (Laçın) yarımstansiyasından Minkəndə çəkiləcək 35 kV-luq elektrik xəttinin Laçın yoluna (dəhliz) düşən hissəsinin təchizatı, 0,4 kV-luq elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən elektron cihazların mühafizəsi üçün qoruyucu vasitələrinin satın alınması ilə bağlı 3 tenderin də qalibi fərqli şirkət olmayıb. “Azərenerji” “Şans Construction” MMC-ni işin içinə qataraq, izi azdırmağa çalışsa da, əsas üstünlüyü “Smart Energy Services” MMC-yə verib. Bu tenderin dəyəri isə 13 milyon 662 min manat olub.
Tribunainfo.az xəbər verir ki, bu tərəflər arasında son görüş olmayıb. Bunun ardından həmin il “Azərenerji” ASC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınmasını da “Smart Energy Solutions” QSC ilə reallaşdırıb. Ümumilikdə isə “Smart Energy Services” MMC 2022-ci ilin təkcə son 6 ayında “Azərenerji” ilə 30 milyonluq tender udub.
İnternet üzərindən aparılan bəzi araşdırmalara istinad edərsək, “Smart Energy Services” MMC-nin kənar şəxsə aid olmadığını təxmin edə bilərik. Çünki resurslarda bu şirkətin adı “Azərenerji” ASC-nin rəhbəri Balababa Rzayevlə birgə çəkilir. Daha doğrusu, həmin şirkətin Rzayevin yaxınlarından birinə məxsus olduğu deyilir. Güman edilir ki, məhz bu səbəbdən Balababa Rzayev iri tenderləri “özgələrə” verməyərək, elə öz yaxınlarına həvalə edir. Qarşı tərəfi də dinləməyə hazırıq.