Bakıda keçiriləcək bal yarmarkasında iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib.
Bakıda keçiriləcək bal yarmarkasında iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib.
Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Assosiasiya sədri bu ilki yarmarkada iştirakçıların sayının artdığını deyib: “Ötən il yarmarkada 256 arıçı iştirak etmişdisə, bu il onların sayı 324 nəfərə çatıb. Hazırda yarmarkaya təqdim edilən balların keyfiyyət təhlili aparılır. İştirakçılardan 20 faizinin təqdim etdiyi balın keyfiyyəti standartlara cavab vermir. Fikrimcə, bu il yarmarkada 300 tona yaxın bal təqdim olunacaq”.
Ötən il yarmarkada 71,7 ton, 2015-ci ildə 250 ton bal təqdim olunmuşdu.
B.Həsrətov onu da qeyd edib ki, alıcılar yarmarkada aldıqları balın keyfiyyətini yoxlaya bilərlər: “Yarmarkada alınan məhsulun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya quraşdırılacaq. Balı alan müştərilər bu laboratoriyada məhsulu yoxlaya bilərlər”.
Qeyd edək ki, bal yarmarkası oktyabrın 10-dan noyabrın 5-dək “Amay” ticarət mərkəzində keçiriləcək.
TİA.AZ