Son günlər “BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin bəzi sərnişinlər tərəfindən söküldüyü və zədələndiyi müşahidə olunmaqdadır.
Son günlər “BakuBus” avtobuslarının salonunda və qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin bəzi sərnişinlər tərəfindən söküldüyü və zədələndiyi müşahidə olunmaqdadır.
Bu işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır.
“BakuBus“ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev TİA.AZ–a bildirdi ki, “BakuBus” olaraq, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinləri öz mənfi hərəkətlərindən çəkinməlidir:
“Ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Bununla yanaşı, “BakuBus” həmin şəxslərin aşkar olunaraq, hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması, qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır. Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılmaqdadır və yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcəkdir. Bu kimi halları müşahidə edən sərnişinlərimizdən bu cür arzuolunmaz hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və zərər yetirən şəxsin daha tez aşakar olunası üçün dərhal *4242 qaynar xəttinə zəng edib, məlumat vermələrini xahiş edirik”.
İlahə