İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Baku Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2.-ci maddəsinə əsasən protkol tərtib edib.
Tribunainfo.az Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Baku Electronics” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 13-cü bəndinin tələblərini pozub.
Belə ki, “Baku Electronics”in müştəriyə satdığı keyfiyyətsiz mal (müqavilə şərtlərinə uyğun olmayan mal) geri qaytarılan zaman qəbul olunmayıb.
Dövlət Xidmətinin tərtib etdiyi protokola əsasən “Baku Electronics” MMC-nin altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan “Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Səid Naxçıvanidir.
Onu da bildirək ki, “Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən “NAB Holdinq” şirkətidir. “NAB Holdinq” Türkiyədə yaşayan Cənubi Azərbaycan əsilli Eromi ailəsinə məxsusdur. Hazırda “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Eromidir.
“NAB Holdinq” şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq” şirkətidir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər. Hazırda 35%-lik pay ilə “Bank of Baku”nun ən böyük səhmdarı “NAB Holdinq”dir.
Qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “NAB Holdinq”ə bağlı olan “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC barəsində də araşdırma başladıb.
Bildirilir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Auto Azərbaycan” MMC tərəfindən minik avtomobillərinin satışı zamanı bağladığı müqavilənin şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığını araşdırır. İşə may ayının 7-də baxılacağı qeyd olunub.