Bu ilin əvvəlindən Bakı supermarketlərində kərə yağı 70 faizə qədər bahalaşıb və nəticədə Azərbaycanda kərə yağının onsuz da normadan 8 dəfəyədək aşağı olan istehlakı bir qədər də azalıb.
Bu ilin əvvəlindən Bakı supermarketlərində kərə yağı 70 faizə qədər bahalaşıb və nəticədə Azərbaycanda kərə yağının onsuz da normadan 8 dəfəyədək aşağı olan istehlakı bir qədər də azalıb.
İstiPress-in araşdırmasına görə, əsas bahalaşma avqust ayında baş verib. Məsələn, avqustda Zelandiya yağının kiloqramı əvvəlcə 14 manatdan 16 manata, daha sonra isə 18 manata qalxıb. Halbuki, 2017-ci ilin əvvəllərində bu yağın kiloqramı 12 manat ətrafında dəyişirdi. Devalvasiyadan əvvəl isə 6, 5-7 manat arasında dəyişirdi.
Beləliklə, kərə yağı qısa zaman ərzində 3 dəfəyə qədər bahalaşıb, əhalinin gəlirlərində isə ciddi dəyişiklik olmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə orta aylıq əmək haqqı 2015-ci ildə 467 manat olduğu halda, 2016-cı ildə 500 manat olub, yəni cüzi artıb. 2017-ci ilin iyul ayında isə orta maaş göstəricisi 523 manat olub. Göründüyü kimi, devalvasiyadan sonra maaşların artımı (12%) kərə yağının bahalaşmasından (300%) çox-çox geri qalıb.
Bu isə ölkə üzrə onsuz da dəfələrlə aşağı olan kərə yağı istehlakını bir qədər də azaldacaq. Tibbi normalara görə, hər bir insan gün ərzində ən azı 30 qram kərə yağı istehlak etməlidir. Bu, Azərbaycan üzrə 110 min ton kərə yağı istehlakını vacib edir. Amma Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanda ildə cəmi 14 min ton yağ istehlak edilir. Bunun 13 min tonu idxal edilir, min tonu isə ölkə daxilində istehsal edilir.
Bu, orqanizmi lazım olan qədər A E, D və K vitaminləri ilə təmin etməyə imkan verir. Kərə yağının tərkibində olan piy turşuları kalsiumun və başqa elementlərin bədəndə mənimsənilməsinə yardım edir, alternativ yağlar isə əksinə buna mane olur. Bu, baş vermədikdə orqanizmin qocalması sürətlənir, ürək-damar xəstəlikləri artır və infarktdan ölənlər çoxalır. Kütləvi istehlak edilən bitki yağlarının böyük hissəsi raps yağları olduğundan, bu, həm də görmə problemləri yaradır.
Həmçinin, bədəndə mənimsənilməyən elementlər toplaşaraq bədxassəli şişlər əmələ gətirə bilir. Məhz buna görə, sovet dövründə uşaq bağçalarında və məktəblərdə uşaqların, hərbi hissələrdə isə əsgərlərin hər gün 20 qram kərə yağı qəbul etməsini vacib görürdülər. İndi Azərbaycanda bu praktika yoxa çıxıb deyə, xərçəngdən ölənlər 2 dəfə artıb – 1990-cı ildə ölkədə xərçəngdən 4 min adam ölübsə, 2016-cı ildə 8 mini keçib. Halbuki, hazırda onkoloji xəstəliklərə qarşı ciddi mübarizə aparılır. Əks halda, ölənlər qat-qat artıq olardı.
Ölkədə kərə yağı istehsalının artırılması üzrə təcili tədbirlər görülməsinin vacib olduğu aydındır. Aqrar islahatlar üzrə ekspert Vahid Məhərrəmov İstiPress-ə müsahibəsində atılacaq ilk addımın ölkədə yem istehsalının artırmaq olduğunu bildirir: “Əslində yerli istehsal xeyli azalıb ki, bu da qiymətlərə ciddi təsir göstərib. Əsas problem regionlarda yemin bahalaşması ilə bağlıdır. Vaxtilə yonca əkilən sahələrdə pambıq əkildiyinə görə yem qıtlığı yaranıb. Bu isə Bakı bazarlarına rayonlardan gələn kərə yağının azalmasına və bahalaşmasına səbəb olub. Bunun üzərinə avqust ayında dünya bazarlarında kərə yağının kiloqramının 1,5 dollar bahalaşması da gəlib”.
Aqrar ekspertin dediklərini İstiPress-in regionlarda apardığı araşdırma da təsdiq edir. Əgər əvvəlki illərdə aran rayonlarında biçin vaxtı 20 kiloqramlıq yonca bağlamasının 1 ədədi 1-1.5 manat idisə, bu il hazırda 2,5-3 manat təşkil edir. Bu, ət bazarına da təsir edib və Bakı qəssablarının dana ətinin kiloqramını 10 manatdan 12 manata qaldırmasına səbəb olub.
Vahid Məhərrəmov problemi həll etmək üçün Azərbaycana yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsini vacib sayıb: ”Bizdə 500 – 600 min hektar şoran torpaq var. Məhz onları münbitləşdirib pambıq, taxıl əkmək lazımdır. Yonca və yem bitkilərinin əkinlərinə dəymək olmaz. Həm də heyvandarlıqda intensiv üsullara keçmək lazımdır”.
TİA.AZ