Əfqanıstandan olan nümayəndə heyəti COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.
Nümayəndə heyətinə ətraf mühitin mühafizəsi üzrə məsul qurumun rəhbəri Matuil Haq Hali başçılıq edib və o bildirib ki, Əfqanıstan qlobal istiləşmədən ən çox zərər çəkən ölkələrdən biridir.
Mövlavi Matiul Haq Hali 2024-cü ilin iyul ayının əvvəlində Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin (NEPA) rəhbəri təyin edilib. Bu vəzifədən əvvəl o, 2021-ci ilin oktyabrından 2024-cü ilin iyulunadək Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin (ARCS) prezidenti vəzifəsində çalışıb.
Tribunainfo.az-ın araşdırmasına əsasən o, 1961-ci ildə Nanqarhar əyalətinin Xoqyani rayonunda, Xalis əfqan cihadında dərin kök salmış bir ailədəndir.
Onun atası, mərhum Mövlavi Məhəmməd Yunus Hali Sovetlərə, daha sonra isə ABŞ/NATO qüvvələrinə qarşı döyüşən görkəmli cihadçı şəxsiyyət idi. Matiul Haq Hali ilk təhsilini atası və əmisi Mövlavi Məhəmməd Yusuf və Mövlavi Məhəmməd İshaq Mohaqidən ailəsi Əfqanıstanda kommunist çevrilişindən sonra Pakistana köçməzdən əvvəl alıb. O, 1986-cı ildə Səudiyyə Ərəbistanının Mədinə Universitetində bakalavr dərəcəsini, Pakistanın Pəncab Universitetində İslamşünaslıq üzrə magistr dərəcəsini alıb.
1986-cı ildə Pakistanın Peşəvər şəhərindəki Şəmşütu düşərgəsində Əl-Hicrə Vəl-Cihad mədrəsəsində dərs deyib və atasının rəhbərlik etdiyi “Hizb-e-İslami” cihadçı partiyası adından xarici təşkilatlarla əlaqələrin qurulmasına cavabdeh olub.
1990-cı illərdə ilk Taliban hakimiyyəti zamanı Xalis Nanqarhar əyalətində təhsil üzrə direktor müavini vəzifəsində çalışıb. Daha sonra o, Talibanın kampaniyasını fəal şəkildə dəstəklədi və hərbi və media əməliyyatlarında mühüm rol oynadı. 2019-cu ildə Qətərin paytaxtı Dohada Talibanın danışıqlar qrupunun üzvü, 2020-ci ildə isə Talibanın Dohadakı Siyasi Bürosunun üzvü təyin edilib. O, doğma puştu dili ilə yanaşı, ərəb və urdu dillərini mükəmməl bilir və 55 yaşında Quranı əzbərləyib.
Dəniz Pənahova