“Mən diqqətinizi son bir aydır “Turan” İnformasiya Agentliyini (İA) narahat edən aktual problemə cəlb etmək üçün yazıram: söhbət internetə qoşulma ilə bağlı ciddi problemlərdən gedir. Belə problemlər əvvəllər də yaranıb, amma indi baş verənlər bütün sərhədləri aşır”.
“AzPolitika” xəbər verir ki, bunu “Turan” İA-nın direktoru Mehman Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə göndərdiyi açıq müraciətində bildirib. O, qeyd edib ki, “Bakinternet” dövlət provayderi tərəfindən göstərilən internet xidmətlərinin keyfiyyəti aşağıdır və indiyə gədər heç bir tədbir görülməyib. Agentlik bunu istehlakçı hüquqlarının pozulması hesab edir. “Hesab edirəm ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri kimi bu məsələnin operativ həlli üçün Sizin müdaxiləniz həlledici əhəmiyyətə malikdir”, – M.Əliyev əlavə edib.
O, vurğulayıb ki, Agentlik “Bakinternet” tərəfindən təqdim olunan internet xidmətlərində əhəmiyyətli dərəcədə fasilələrlə üzləşib: “Baktelecom”un mütəxəssislərinin və hörmətli nazirliyin səylərinə baxmayaraq, problem səngimir. Modemin dəyişdirilməsi və sürətin 50 meqabitdən 100 meqabitə artırılması kimi səylərə baxmayaraq, internet trafikinin sürəti gözlənilmədən 0 ilə 90 meqabit arasında dəyişir. Bu uyğunsuzluq agentliyin öz vəzifələrini səmərəli şəkildə yerinə yetirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.
Mehman Əliyev nazirliyin problemi həll edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, son zamanlar “Bakinternet” provayderinin başqa abunəçiləri, o cümlədən “AzPolitika” saytı da sözügedən problemlərdən əziyyət çəkir. Təqdim olunan internetin sürəti müqavilədə göstəriləndən aşağı olmaqla yanaşı tez-tez fasilələr yaranır. Bu da “AzPolitika”nın normal iş rejimində fəaliyyətinə problemlər yaradır. “Bakinternet” provayderinə edilən müraciətlər də faydasız qalıb.
Ümid edirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev problemi öz nəzarətinə götürəcək və onun həllinə nail olacaq.